Modern.az

Seçkiləri boykot etmək qorxub qaçmaqdır - Deputatlar

Seçkiləri boykot etmək qorxub qaçmaqdır - Deputatlar

20 Dekabr 2023, 17:08

2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək 7 nəfərin - hazırkı Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucun, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin, BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin, "Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək" İctimai Birliyinin sədri Fuad Əliyevin namizədliyi irəli sürülüb.

Bəzi siyasi partiyalar seçkilərdə namizəd irəli sürməsə də, mövqelərini açıqlayıb. Məsələn, İqbal Ağazadənin sədrlik etdiyi Ümid Partiyası seçkilərdə İlham Əliyevi dəstəkləyəcək, sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyası isə üzvlərə seçkilərdə kimi dəstəkləmələri barədə sərbəstlik verib.

Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları isə seçkiləri boykot edib. 


Bəs sözügedən partiyaların seçkiləri boykot etməsi necə dəyərləndirilir?


Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, növbədənkənar seçkilər olduqca maraqlı keçəcək:


“7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri müstəqillik tarixində ilk dəfə respublikanın bütün suveren ərazilərini əhatə edəcək. Həm də bu, tarixə qızıl hərflərlə “Zəfər seçkisi” kimi yazılacaq. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi artıq MSK tərəfindən qeydə alınıb. Digər namizədlər də sənədlərini hazırlayırlar. Çox güman ki, onların da namizədliyinin irəli sürülməsi qeydə alınacaq və maraqlı seçki marafonu keçəcək”.

V.İskəndərov radikal müxalifətin hələ də 20-ci əsrdə yaşadığını söyləyib:


“Təbii ki, bu gün radikal müxalifət, AXCP, Müsavat partiyaları və onların ətrafı 21-ci əsr olmağına baxmayaraq, hələ də 80-ci illərin sonu- 90-cı illərin əvvələrinin ampluasındadırlar. Hələ də köhnə, naftalin iyi verən bəyanatlar səsləndirir, siyasi gedişlər edirlər. Bununla da özlərini çox gülünc vəziyyətə qoyurlar. Sosial bazası, ətrafı, deməyə sözü olmayan bu siyasi işbazlar heç nə ilə ortaya çıxa bilməyəcəklərini yaxşı anlayırlar. Digər yandan,  hələ bunlara xaricdən sifarişlər verilməyib. Ümumiyyətlə, ortaya çıxaraq nəyə irad tutacaqlar? Onların nəzərdə tutduqları məsələlər istiqamətində Azərbaycan Prezidenti artıq fəaliyyət göstərib. Xalqın mütləq əksəriyyəti öz siyasi liderini seçə biləcək gücdədir. Bu gün Azərbaycan dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirilib. Azərbaycan xalqı dünyanın ən qürurlu xalqıdır. Bütün bu uğurların qazanılmasında müəllif Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun və xalqının özüdür. Özünü azərbaycanlı sayan, Azərbaycandan kənarda yaşayan hər bir həmyerlilərimiz bu qüruru yaşamaqdadır”.


Deputat boykot yolunun siyasi proseslərdən geri çəkilmək olduğunu qeyd edib:
 

“Siyasi xronologiyalarda boykot uğurlu fəaliyyət növü deyil. Bu, sadəcə olaraq siyasi proseslərdən geri çəkilməkdir. Onları eşidən, dəstəkləyən, eləcə də onlara inanan yoxdur deyə, belə edirlər. Açıq şəkildə bunu etiraf edib, həqiqətləri deməkdənsə, siyasi mübarizədən çəkilmək yalnız onların zamanının getdiyini göstərir. Radikalların siyasi arenada təqaüdə çıxmaqlarının vaxtı keçib. Köhnə havaları çəkməklə yeni heç nə edə bilməyəcəklərinin fərqindədirlər. Bu boykot ənənəsi artıq arxaikləşib. Artıq yeni çağırışlar, dəyərlər var. Onlara adekvat olaraq siyasi mübarizəyə qoşulmaq lazımdır. Bu isə artıq indiki radikal müxalifətçilər üçün gecdir”.
 

Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, növbədənkənar seçkilərdə İlham Əliyevin qalib gəlməsi labüddür:
 

“Növbədənkənar seçkilər ilk dəfə Azərbaycanın bütün suveren ərazilərini əhatə edəcək. Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin namizədliyini irəli sürüb. Digər bütün partiya sədrləri ya özlərinin, ya da nümayəndələrinin namizədliklərini verə bilər. Məlumdur ki, Milli Məclisdə təmsil olunan müxalifət partiyaları da öz liderlərinin namizədliklərini verib. Birmənalı şəkildə Azərbaycan xalqının öz fikrini bildirməsi və gələcək prezidentin kim olacağını ayırd etmək üçün bu seçkilərə gedirlər. Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqı arasında çox böyük nüfuzu var. İlham Əliyev qalib sərkərdə, qətiyyətli Prezident kimi dünya çapında tanınan, dünya liderləri arasında ən yüksək yerdə duran dövlət başçılarından biridir. Buna görə də seçkilərdə onun qələbə qazanması birmənalı şəkildə mümkündür. Düşünürəm ki, bu, belə də olacaq. Təbii ki, hər bir partiya sədrinin öz dəstəkçiləri var. Onlar da ola bilsin ki, seçki ərəfəsində öz səslərini dayandırıb, Ali Baş Komandan İlham Əliyevə versinlər. Yaxud müxtəlif gedişatlar ola bilər. Bəzi partiyaların sədrləri cənab İlham Əliyevin həqiqətən də ən güclü və layaqətli namizəd olduğunu bilərək, öz partiyaları ilə birlikdə onu dəstəkləmək istiqamətini seçiblər. Düşünürəm ki, çox ciddi və şəffaf seçkilər keçiriləcək. Azərbaycan xalqı öz ləyaqətli namizədinə qarşıdakı illərdə prezident kimi təmsil olunması üçün səs verəcək”.

Arzu Nağıyev qeyd edib ki, boykot seçkilərdən qorxub-çəkinmək deməkdir:

“Bu gün özünə, ətrafına, seçicilərinə inanmayanlar da həddən artıq çoxdur. Bunlar birmənalı şəkildə boykot yolunu seçirlər. Boykot yolunu tutmaq seçkidən qorxub-çəkinmək deməkdir. Buyur, seçki məntəqəsinə gəl, kimə istəyirsən səsini ver”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI