Modern.az xəbər verir ki, bu gün Milli Məclisin Aqrar siyasət komitəsi öz işinə başalayıb. İclasda çıxış edən komitə sədri Eldar İbrahimov 2013-cü il yaz və növbədənkənar sessiyalar dövründəki hesabatı açıqlayıb. Bildirib ki, hesabat dövründə komitəınin 3 iclası keçirilib. Bu iclaslarda 3 məsələ, o cümlədən 3 qanun layihəsi geniş müzakirə edilib. Milli Məclisdə isə komitənin 8 qanunu qəbul edilib.
Hesabat dövründə Aqrar siyasət komitəsinə 56 vətədaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub. 21 ərizə tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib. 34 ərizə, şikayət və müraciətlər təkrar adxil olub.
Həmin dövr ərzində 23 şikayətçi komitənin sədri tərəfindən bilavasitə Milli Məclisdə qəbul edilib. Komitənin payız sessiyası üçün qanunvericilik işlər planı da açıqlanıb. Plana 4 qanun layihəsi –“Yaşıllıqların mühafizəsi haqqında”, “Balıqçılıq haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Azərbaycan respublikasının qanunlarına əlavələrin və dəyişiklərin edilməsi barədə” məsələlər daxildir.
”“Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi müvafiq təşkilatlara rəy alınması üçün göndərilib. Bizə Prezident Aparatı tərəfindən 6 qanun daxil olub. Burada əsasən həmin qanunlarda əlavə və dəyişiklər nəzərdə tutulub”.
Daha sonra gündəliyin iş planına uyğun olaraq “Seleksiya nailiyyətləri haqqında” qanun layihəsi müzakirə edilib. Bu qanun layihəsində genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının dövlət reyestrinə daxil edilməsi qadağandır. Qanunu pozan fiziki şəxslər üçün 3 min manat, vəzifəli şəxslər üçün 10 min manat, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə edilməsi nəzərdə tutulur.
Aytən Əliyeva