Yeni Azərbaycan Partiyası (YAP) seçkiöncəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində ölkənin bir sıra rayonlarında görüşlər keçirəcək. Görüşlərdə partiya funksionerləri, YAP rəhbərliyinin iştirak edəcəyi gözlənilir. YAP təmsilçilərinin sözlərinə görə, artıq seçicilərlə keçiriləcək görüşlərin qrafiki də bəllidir.
Maraqlıdır, müxalifət Naxçıvan səfərindən imtina edib, bəs hakim partiya rəhbərliyi muxtar respublikaya gedəcəkmi?
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov Modern.az saytına açıqlamasında Naxçıvan səfərinə bir o qədər lüzum olmadığını bildirib.
Onun sözlərinə görə, hakim partiyanın Naxçıvan təşkilatı muxtar respublikanın bütün şəhər və rayonlarında silsilə görüşlər keçirəcək.
YAP funksioneri bildirib ki, bundan öncə keçirilən seçkilərdə də Naxçıvana getməyə ehtiyac olmayıb:
“Naxçıvan üzrə partiya təşkilatı mövcuddur. Dəvət olunarsa, lazım gələrsə, Naxçıvana gedib seçicilərlə görüşlər keçirəcəyik.
İndiyə kimi buna ehtiyac olmayıb. Naxçıvanın özündə partiya üzvləri özləri görüşlər keçirirlər. Necə ki, Yeni Azərbaycan Partiyası digər rayonlarda silsilə görüşlər keçirir, orada da belə görüşlər mütəmadi olaraq təşkil olunur. Yəni bizə o qədər də ehtiyac duyulmur”-deyə E.İbrahimov vurğulayıb.
Partiya rəsmisi prezident İlham Əliyevin özünün seçkiqabağı dövrdə Naxçıvana səfər edib-etməyəcəyi haqda isə məlumatsız olduğunu deyib.
Anar RÜSTƏMOV