Bu gün daha bir tarixi anın şahidi olduq. Milli futbol klublarımız "Qarabağ" Futbol Klubu ilə Mərkəzi Ordu İdman Klubu (MOİK) erməni işğalından azad edilmiş Xankəndi stadionunda birgə oyun keçirdi.
Bütün azərbaycanlılar, həm xaricdə yaşayan soydaşlarımız, həm də Azərbaycandakı insanlarımız uşaqdan böyüyə, hamı sevə-sevə, çox xoşbəxt şəkildə bu matçı izlədi.
Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+3-cü dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.
Bu, yalnız bir futbol matçı deyildi ki...
Bu, ZƏFƏR matçı idi...
Bu matç həm də bütün dünyaya xeyli maraqlı mesaj verdi.
Meydana Azərbaycan bayrağı ilə gələn "Qarabağ" Futbol Klubunun oyunçuları üçrəngli bayrağımızı türk musiqisi "Dombra"nın sədaları altında dalğalandırdılar.
Bu melodiya "Diriliş Ərtoğrul" filminə məxsusdur.
Bu gün həmin mahnını Xankəndidə səsləndirməklə bir daha türk olduğumuzu, türklərin gücünü və birliyini dünyaya nümayiş etdirmiş olduq.
Yalnız Türkiyə ilə deyil, bütün türk dünyası ilə olan qardaşlığımızı hər kəsə göstərdik.
Möhtəşəm qələbələrə imza atan Ali Baş Komandan, qüdrətli sərkərdə Prezident İlham Əliyev tarixi gündə Xankəndidə topa ilk toxunuşu etdi.
Topu Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun oyunçuları (hərbçilər) tərəfə yönləndirdi.
Bu isə bizə belə bir mesaj verə bilər ki, Ali Baş Komandan bu "pası atmaq"la bildirmək istəyir ki, həmişə milli ordunun başındadır və onlara dəstəkdir.
Prezident İlham Əliyev futbol oyununu izləyərkən rəsmi şəxslərlə deyil, torpaqlarımızı öz canları bahasına düşməndən azad edən ŞƏHİDLƏRİMİZİN əmanətləri, övladları ilə bir yerdə idi.
Hər zaman Şəhidlərimizi böyük sayğı ilə anan Ali Baş Komandan bununla bütün ətrafa mesaj verdi ki, Azərbaycan Prezidenti üçün, Azərbaycan üçün ŞƏHİD övladlarından qiymətli, dəyərli kimsə yoxdur.
Prezident və Birinci xanım hər zaman onlara sahib çıxıb.
Bu, eyni zamanda Azərbaycan liderinin gələcək nəsillərimizə dəyər verməsinin bariz nümunəsidir.
Beləliklə, qalib "Qarabağ"dır, qalib Azərbaycandır!
Könül Fətullayeva