AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri sentyabrın 19-da II Fəxri Xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyublar.
Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya elmləri doktoru Vilayət Cəfərov 21 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi 53-illik həyat yolundan, zəngin və dəyərli elmi fəaliyyətindən danışıblar. Çıxışlarda alimin dəyərli elmi əsərləri, tərcümələri, nüfuzlu beynəlxalq konfranslarda iştirakı barədə söz açılıb. Aida İmanquliyevanın elmi fəaliyyətinin müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığı, yeni bir məktəbin əsasını qoyduğu söylənib. Aida İmanquliyevanın itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğu qeyd edilib. Sonda Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bəşarət Bəşirova Aida xanıma həsr etdiyi şeiri söyləyib.
Modern.az