Uzun müddətdir ki, məktəb binalarında, universitet yataqxanalarında, bağçalarda müvəqqəti məskunlaşan qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi üçün şəhərciklərin salınmasına başlanılıb. Məcburi köçkünlərin yerləşdirilməsi üçün Gəncə şəhərində də 1500 ailənin yerləşəcəyi şəhərcik inşa olunur.
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun Modern.az-a verdiyi məlumata görə, ölkənin ikinci şəhərində 25 beşmərtəbəli yaşayış binalarından ibarət məhəllələrin inşası tam başa çatıb. Lakin onun açılış zamanı hələ bəlli deyil.
Xatırladaq ki, cari ildə Bərdə rayonundakı məktəb binalarında müvəqqəti məskunlaşmış 866 məcburi köçkün ailəsi üçün 15 ədəd, İsmayıllı rayonunda məktəb binalarında müvəqqəti məskunlaşmış 45 ailə üçün qəsəbənin, Balakən rayonunda 43 ailə üçün beşmərtəbəli binanın, Qəbələ rayonunda turizmin inkişaf etdirilməsi istiqamətində aparılan quruculuq işləri ilə əlaqədar köçürülməsinə zərurət yaranmış obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün Zarağan bələdiyyəsinin ərazisində inşa edilmiş 195 ailəlik məhəllənin ərazisində 155 mənzilli yeni yaşayış binalarının, İmişli rayonunda fin tipli qəsəbədə məskunlaşmış məcburi köçkün ailəsi üçün ikinci mərhələdə 225 evin bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə tikintisinə başlanılıb və adı çəkilən ərazilərdə inşaat işləri davam etdirilir.
Gültəkin ƏLƏSGƏR