Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın işdən çıxarıldığı barədə məlumat yayılıb. Paytaxt məktəblərində dolaşan xəbəri Modern.az saytına elə Bakıdakı təhsil müəssisələrinin müəllimləri veriblər. Şəhər məktəblərində dolaşan bu xəbər inananlar da var, ona şayiə kimi yanaşanlar da.
Xəbərin yayılmasına rəvac verən digər hadisə bir neçə gün öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsində keçirilən müəllimlərin sentyabr konfransında Nailə Rzaquliyeva iştirak etməməyi olub. Həmin gün toplantını Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov aparsa da, idarə onu ictimaiyyətə müdir əvəzi kimi təqdim edib.
Modern.az saytı N.Rzaquliyeva ilə bağlı məktəblərdə gəzən söz-söhbətə aydınlıq gətirilməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayıb.
İdarədən xəbəri təkzib ediblər. Bildirilib ki, bir müddət öncə məzuniyyətə çıxaraq Londona - orada yaşayan qızının yanına gedən Nailə Rzaquliyeva bu həftənin əvvəlində Bakıya qayıdıb. Londonda xanım Rzaquliyevanın qız nəvəsi doğulub. Onun xaricə gedişi də bununla əlaqədar olub. N.Rzaquliyevanın artıq iş başında olduğu vurğulaıb.
”Nailə xanım hazırda kabinetində işinin başındadır” deyə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a bildiriblər.
Qeyd edək ki, Nailə Rzaquliyeva 2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiridir.
Əmək fəaliyyətinə 1973-cü ildə 23 № - li məktəbdə müəllim kimi başlayıb. 2002-2006-cı illərdə həmin məktəbdə direktor vəzifəsində çalışıb. İngilis dili müəllimi ixtisası üzrə təhsil alan N.Rzaquliyeva respublikanın əməkdar müəllimidir.
Modern.az