“Biz oktyabr ayında qış vaxtına keçidin, yəni saatların bir saat geri çəkilməsinin tərəfdarıyıq”. Bu sözləri Modern.az-a açıqlamasında Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev deyib. O, qeyd edib ki, qış vaxtına keçid astronomik vaxta, yəni günəş vaxtına uyğun gəlir.
“Biz yay vaxtına keçidin əleyhinə olmuşuq. Bu məsələ isə son vaxtlar müzakirə edilməyib. Yalnız bir dəfə müzakirə edildi və sonradan mövzuya qaydılmadı”.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə qış vaxtına keçidlə bağlı danışmağın hələ tez olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycanda qış vaxtına keçid oktyabr ayının son həftəsinin bazar günü həyata keçirilir. Bu zaman saatlar bir saat geri çəkilməklə ölkə qış vaxtına keçmiş sayılır.
Xatırladaq ki, Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarı ilə Azərbaycanda yay və qış vaxtına keçid tətbiq edilir.
Nazirlər Kabinetinin qərarına əsasən, martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat irəli çəkilir, oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçir və saatlar bir saat geri çəkilir.
Aytən ƏLİYEVA