Modern.az

Fikrət Məmmədov Strasburqda hesabat verəcək

Fikrət Məmmədov Strasburqda hesabat verəcək

19 Sentyabr 2013, 17:18

Ədliyyə naziri Fikrət Məmmədov Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin oktyabrın 29-31-də Fransanın Strasburq şəhərində keçiriləcək 23-cü sessiyasında iştirak üçün dəvət edilib. Nazirlikdən Modern.az-a verilən məlumata görə, dəvətə səbəb Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyəti və inkişafına mane olan amillər barədə müzakirələr aparmaqdır. Nazirin sessiyada iştirakı barədə məlumat hələ ötən il Konqressin Azərbaycanla bağlı qəbul etdiyi sənədində əksini tapıb. Sənəddə qeyd edilir ki, ədliyyə naziri 2013-cü ilin oktyabrında təşkil olunacaq müzakirələrə dəvət olunacaq və Azərbaycanda yerli demokratiyanın inkişaf sahəsində atılan addımlar, həmçinin Tövsiyənin icra vəziyyəti müzakirə ediləcək. Çünki Azərbaycan hökuməti bu müddətdə fəaliyyət planı qəbul etməli və tövsiyələrin həyata keçirilməsi üçün zəruri addımlar atmalı idi. Monitorinq Komitəsi eyni zamanda təcili olaraq Bakıda Yerli Hakimiyyət Xartiyasının tətbiqi məsələləri üzrə seminar təşkil etməyi və regional demokratiyanın vəziyyətinin qiymətləndirilməsi məqsədilə vəziyyətin monitorinqini davam etdirməyi təklif etmişdi.

Məlumat üçün bildirək ki, Konqressin ötən ilin oktyabrın 17-də keçirilən 23-cü Sessiyasında Konqresin Monitorinq Komitəsinin hazırladığı “Azərbaycanda yerli və regional demokratiya” Məruzəsi müzakirə edilib və müzakirələr nəticəsində 345 saylı Qətnamə və 326 saylı Tövsiyələr qəbul olunub. 

Sənəddə bildirilir ki, hələ 2003-cü ildə açıqlanmış ilk hesabatda yer almış tövsiyələrin əksəriyyəti yerinə yetirilməmiş qalıb. Məruzədə həmçinin Avropa yerli özünüidarə Xartiyasının müddəalarına riayət edilməməsi ilə əlaqədar ciddi narahatlıq ifadə olunub: “Faktiki olaraq, Azərbaycanda yerli və regional demokratiya mövcud deyil, həmçinin vəziyyətin dəyişdirilməsinə yönəlmiş planlar da yoxdur ki, bu da bizim üçün narahatlıq səbəbidir”.

Hesabatda yer alan tövsiyələr sırasında bələdiyyələrə ayrılan maliyyə resurslarının artırılması, maliyyə resurslarından sərbəst istifadə hüququnun verilməsi də var. Konqres həmçinin Azərbaycan hakimiyyətini Bakı şəhərinin xüsusi statusu haqqında qanun qəbul etməyə və paytaxtda yerli özünüidarəetmə orqanlarına demokratik seçkilər keçirməyə çağırıb. 

Gültəkin ƏLƏSGƏR

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular