Etnik münaqişə olan zonalarda uşaqlara müharibənin acısını unutdurmaq üçün açıq əyləncəli futbol məktəbləri yaradılır. Bu barədə Modern.az-a AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev məlumat verib. Onun sözlərinə görə, 2003-cü ildən Azərbaycanda “Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi həyata keçirilir.
“Bu Danimarkanın Kəsişən Mədəniyyətlər Assosiasiyasının layihəsidir və əsasən etnik münaqişələr olan zonalarda həyata keçirilir. Əsas məqsəd bu bölgələrdə yaşayan uşaqlara müharibənin acısını unutdurmaq, onların asudə vaxtını səmərəli keçirmək, uşaqlarda idmana, futbola maraq yaratmaq və istedadlı uşaqları futbol klublarına cəlb etməkdir. İlk belə məktəblər Bosniya və Herseqovinada açılıb. 10 ildən çoxdur ki, Azərbaycanın demək olar ki, əksər bölgələrində Açıq Əyləncəli Futbol Məktəbləri açılıb”.
2013-cü ildə Azərbaycanda 18 belə məktəbin açıldığını deyən millət vəkili bildirib ki, hər məktəbin tərkibində 200 uşaq iştirak edir. Rauf əliyevin sözlərinə görə, yaxın günlərdə Ağdam, Bərdə, Lənkəran, Astara, Ağsu, Yevlax və digər bölgələrdə də belə məktəblər fəaliyyətə başlayacaq.
“Onlar lazım olan inventar, top, idman forması ilə təchiz olunublar. Məktəblərdə fəaliyyət göstərən rəhbərlər avqustun 10-12-də Gürcüstanın Zuqdidi şəhərində təşkil olunan beynəlxalq seminarda iştirak etmiş və məktəbin fəaliyyəti üçün lazım olan təlimatları alıblar. 18-26 avqust tarixində isə Oğuz şəhərində məşqçilər üçün seminar keçirilib”.
Qeyd edək ki, artıq məktəblər fəaliyyətə başlayıb. İlk məktəblər Oğuz, Göyçay, Qazax, Ağstafada açılıb. Məktəblərin işində layihənin rəhbəri millət vəkili, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, layihənin Qafqaz, Ukrayna və Moldova üzrə regional koordinatoru, gürcüstanlı Valeri Çolari iştirak ediblər.
Gültəkin ƏLƏSGƏR