Modern.az

Tarixi dəyişən LİDER

Tarixi dəyişən LİDER

23 Dekabr 2023, 10:36

XXI əsrin əvvəllərində ölkəmizdə baş verən proseslər xalqımızın xoşbəxt taleyini müəyyənləşdirən yeni dönüş mərhələsi kimi səciyyəvidir. Müstəqil Azərbaycan tarixinin uğur səhifəsinə çevrilmiş bu tarixi mərhələ başlanğıcını məhz cənab İlham Əliyevin 2003-cü il 15 oktyabr Prezident seçkilərində inamlı qələbəsindən sonra götürüb. Belə ki, yeni seçilmiş dövlət başçısı təntənəli andiçmə mərasimindəki çıxışında Heydər Əliyev ideyalarını daim inkişaf etdirəcəyini bəyan edərək çox çətin və məsuliyyətli tarixi missiyanı öz  üzərinə götürmüş oldu. “Xalq-Heydər, Heydər-xalq” düsturunun bariz nümunəsi kimi bu seçim ilk növbədə demokratik dəyərlərə sadiq müdrik Azərbaycan xalqının Heydər Əliyev yoluna və ideyalarına sədaqətinin təzahürüdür.

 

Ölkə rəhbəri statusunda mətbuat nümayəndələrinə ilk müsahibəsində “hər bir azərbaycanlının lideri olacağını və yaxşı prezident olacağını” vəd edən cənab İlham Əliyev bütün bu dövr ərzində sözlə əməlin vəhdətinin unikal nümunəsini nümayiş etdirmişdir. Onun respublikaya rəhbərlik etdiyi onilliklər ölkəmizin yeni intibah dövrünün və xalqın azad, xoşbəxt, firavan gələcəyinin 21-ci əsrdə davamı kimi təqvimə həkk olundu. Cənab İlham Əliyev ölkə başçısı qismində fəaliyyətə başladığı ilk mərhələdə islahatçı lider kimi ölkənin yeni inkişaf konsepsiyasını ortaya qoydu.  Bu tarixi mərhələdə respublikamız yeni nəsil müstəqil dövlət modelini dünyaya təqdim etməkdədir. İndi Cənubi Qafqazın lider dövləti olan Azərbaycan beynəlxalq səviyyədə vacib aktor rolunu oynayır, mütərəqqi təşəbbüslərlə çıxış edir. 2019-cu ildən başlayaraq ölkəmiz 120 dövlətin birləşdiyi Qoşulmama Hərəkatına uğurla sədrlik edir, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, Türk Dövlətləri Təşkilatında çox nüfuzlu mövqe sahibidir. Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi tolerant məkana çevrilmişdir. Bütün sahələr üzrə həyata keçirilən və ilk növbədə insan amilinə söykənən tarixi islahatlar və genişmiqyaslı dövlət proqramları müstəqilliyimizin əsaslarını möhkəmləndirən amil kimi respublikamızın dinamik inkişafını təmin edir.

 

Bir çox neft ölkələrindən fərqli oaraq “qara qızıl”ın insan kapitalına çevrilməsi, bu sahədə şəffaflığın təmin olunması, ölkə iqtisadiyyatının, o cümlədən neft gəlirlərinin optimal şəkildə, mütərəqqi və səmərəli üsullarla idarə edilməsi, ordu quruculuğunun müasir formada inkişaf etdirilməsi həyata keçirilən islahatların  əsasını təşkil etmişdir. Ağıllı enerji siyasətinin reallaşdırılması Azərbaycanın həm də beynəlxalq birliyin tamhüquqlu üzvü, vacib aktoru və etibarlı tərəfdaş olaraq  Cənubi Qafqaz bölgəsində lider dövlət kimi qəbul edilməsini, beynəlxalq arenada yüksək nüfuz sahibi olmasını şərtləndirən əsas amillərdəndir.

 

Ulu Öndərin başladığı quruculuq, inkişaf, beynəlxalq birliyə açılma, ümummilli hədəflər naminə cəmiyyətin bütün sosial və siyasi kəsimlərini əhatə edən həmrəylik kursu son 20 il ərzində Prezidenti İlham Əliyev tərəfindən yeni keyfiyyətdə davam etdirilir. İlk gündən özünü xalqın birinci xidmətçisi elan etmiş dövlətimizin başçısı milli birlik və həmrəyliyə əsaslanan yeni siyasi konfiqurasiyanın müəllifidir.

 

Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bir tərəfdən müasirləşmə, infrastruktur yenilənməsi baş verib, digər tərəfdən isə dövlət aparatı  yeni standartlara uyğunlaşdırılıb. Bütün fəaliyyət sahələrini əhatə edən sistem xarakterli fundamental islahatlar  və dövlət proqramları icra olunub və yeniləri uğurla icra olunmaqdadır. Bu gün hakimiyyətin bütün qollarında - qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin fəaliyyətlərində müsbət yeniliklər öz əksini tapır, müasir çağırışlara uyğun hüquqi aktlar qəbul edilir.

 

Respublikamızın ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu siyasi-hüquqi, institusional və kadr islahatları ildən-ilə  daha da intensivləşməkdədir. 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərində bütün siyasi qüvvələrin, siyasi partiyaların maneəsiz iştirakına şərait yaradılması sayəsində Milli Məclisin yeni tərkibdə, çoxpartiyalılığa əsaslanmaqla yenidən formalaşması bu islahatlara böyük dəstəkdir.

 

Bütün bu illər ərzində həyata keçirilən bu siyasi kursun ən mühüm hədəfi dövlətimizin müstəqilliyinin etibarlı şəkildə qorunması və ən əsası isə, ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. 2020-ci ilin sonlarında 30 il ərzində Ermənistanın işğal altında saxladığı Qarabağ torpaqları müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş “Dəmir yumruq” əməliyyatı nəticəsində və hərbi-siyasi yolla işğaldan azad edildi. Prezident-xalq-ordu birliyinin təcəssümü olan 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız  böyük tarixi Qələbə sayəsində dövlətçiliyin ən vacib elementlərindən biri olan ərazi bütövlüyümüz bərpa olundu. Beləliklə, Azərbaycan özünün son 200 illik tarixində bənzəri olmayan bir nailiyyətə imza atmış oldu.  Vətənə və dövlətə xidmətin, xalqa sədaqətin, siyasi varisliyin ən gözəl uğur nümunəsi də məhz budur: əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etmişdisə, Prezident, Ali Baş Komandan İlham Əliyev ölkənin ərazi bütövlüyünü bərqərar etdi, tarixi ədaləti bərpa edərək xalqımızın qürurunu özünə qaytardı. Bu il sentyabrın 19-20-də isə cəmi 23 saat ərzində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağın bütün ərazisində konstitusiya quruluşu bərpa edildi. Bununla da Azərbaycan Prezidenti cənab İlham Əliyev qarşısına çıxan bütün maneələri məharətlə dəf edərək dövlət müstəqilliyimizə və ərazi bütövlüyümüzə təhdid ola biləcək bütün amilləri kökündən məhv etdi, natamamlıq kompleksini aradan qaldırdı. Onun zəkası, əzəməti və qüdrəti qarşısında antiazərbaycan baxışları ilə ikili standartlardan çıxış edən beynəlxalq təşkillatlar və Ermənistanı himayə edən dövlətlər, beynəlxalq erməni mafiyası və həmçinin milli maraqlarımıza zidd mövqedə duran daxili ünsürlər bütün mənalarda məğlub duruma düşdülər.

 

Əlamətdardır ki, dövlət suverenliyinin bütün ölkə ərazisində təmin olunması və Qarabağda 200 illik erməni layihəsinin darmadağın edilməsi məhz “Heydər Əliyev ili”nə təsadüf edir və bu, rəmzi məna daşıyır. Bu tarixi nailiyyət anadan olmasının 100 illik yubileyini təntənəli şəkildə qeyd etdiyimiz Ulu Öndərin əziz xatirəsinə ən dəyərli töhfədir.  Hər kəs əmindir ki, cənab İlham Əliyevin “Qarabağ – Azərbaycandır!” şüarı Ulu Öndər Heydər Əliyevin ən ümdə vəsiyyətinə sədaqət andı kimi bundan sonra əbədi olaraq qürurla səslənəcəkdir.

 

Şübhə yoxdur ki, bütün bu uğurların altında “nəyi nə vaxt və necə etməyi” zərgər dəqiqliyi ilə ölçə bilən, daim xalqın içində olan və xalqın inamından güc alan Prezident İlham Əliyevin imzası durur. Onun praqmatik düşüncə üzərindən nümayiş etdirdiyi sarsılmaz iradə və qətiyyətli diplomatik addımlarla  müşayiət olunan daxili və xarici siyasət taleyüklü məsələlərin həllində həlledici amil rolunu oynamışdır. “Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”, - söyləyən ölkə rəhbərinin dövlətçilik düşüncəsinin mahiyyəti və siyasi fəaliyyətinin əsası məhz bu mövqe üzərində təşəkkül tapır.

 

44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar növbəti hədəfləri dəf etmək üçün yeni imkanlar açmışdır. İndi işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən bərpa-quruculuq işləri ildən-ilə daha geniş vüsət almaqdadır. Növbəti mərhələdə isə ən vacib məsələlərdən biri məcburi köçkünlərin azad Qarabağa yerləşdirilməsi ilə yanaşı, 1987-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş  soydaşlarımızın ölkə Prezidentinin rəhbərliyi altında işlənib-hazırlanmış Qayıdış Konsepsiyası əsasında doğma yurdlarına qayıdışının təmin edilməsidir. Bu gün bu istiqamətdə nümayiş etdirilən gərgin və məhsuldar fəaliyyətin ruhu da məhz belə bir inama köklənir ki, dövlətimizin prioritetləri sırasında olan bu məsələ də gec-tez öz həllini tapacaqdır.

 

Beləliklə, son illər ərzində bölgəmizdə baş verən hadisələri qlobal müstəvidə təhlil etsək, əmin olarıq ki, Prezident İlham Əliyevin dönmədən həyata keçirdiyi siyasi kurs və xüsusilə, xarici siyasət nəinki Azərbaycanın, həmçinin bütövlükdə regionun yeni geosiyasi və tarixi inkişaf yolunun yeni mərhələsinin və istiqamətinin müəyyənləşməsində həlledici rola malikdir. İndi gerçəkdən də biz yeni tarixin başlanğıcındayıq və yeni eraya qədəm qoymuşuq. Belə ki, məhz Azərbaycan Prezidenti yüzilliklər ərzində heç bir siyasətçinin və dövlət rəhbərinin nail ola bilmədiyi möhtəşəm tarixi uğura imza atmağa nail olmuşdur. Məhz onun əzəməti sayəsində Cənubi Qafqaz, nəhayət,  böyük imperiyaların sərvət və geosiyasi maraqları uğrunda əsrlərlə davam edən mübarizə meydanından bölgə xalqlarının birgəyaşayışı, əmin-amanlığı və sülh məkanına çevrilmişdir. Bu gün bu region artıq öz tarixi, coğrafi, təbii sərhədlərinə qayıtmaqdadır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti yeni keyfiyyətdə uğurla davam etdirən Prezident İlham Əliyevin sülh konsepsiyası isə təkcə Azərbaycan və bölgə üçün deyil, eyni zamanda bütün Avrasiya məkanında etibarlı əməkdaşlığın əsasının formalaşmasına ən mühüm töhfədir.

 

Əldə etdiyimiz tarixi uğurlar fonunda bu gün beynəlxalq səviyyədə nüfuzu daha sürətlə artmaqda olan ölkəmizdə bütün proseslər xalqımızın milli mənafelərinə və dövlətçilik prinsiplərinə uyğun olaraq qurulub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yeni şəraitə uyğun atdığı uğurlu taktiki və strateji addımlar, diplomatik gedişlər ölkəmizin dünyada haqlı mövqeyini getdikcə daha da möhkəmləndirir. Və Azərbaycan vətəndaşı böyük qürur hissi yaradan bu uğurların yeni inkişaf mərhələsində yeni keyfiyyətdə, daha böyük əzmlə davam edəcəyinə əmindir

 

Əli Hüseynli,

Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI