Azərbaycan Universitetinin tələbələri üzləşdikləri problemlərlə bağlı Modern.az saytına müraciət ediblər. Tələbələr bildiriblər ki, 1-ci kursun fənlərindən kəsrləri olduğu üçün 2-ci kursa buraxılmırlar. Tələbələrin iddialarına görə, hələ ötən tədris ilində onlara universitetdə bildiriblər ki, Boloniya prosesinə qoşulduqlarına görə, belə problem yaşamayacaqlar.
İndi isə dərsə buraxılmayacaqları barədə xəbərdarlıq alıblar. Ona görə də kəsiri olan tələbələr artıq 2 gündür dərslərdə iştirak edə bilmirlər.
Tələbələr yaranan problemlə bağlı rektorun qəbuluna düşməyə cəhd etsələr də, bu, mümkün olmayıb.
Məsələ ilə bağlı universitetin rektoru, sabiq deputat Eldar Qəhrəmanovla əlaqə saxladıq. Onun dediyinə görə, Boloniya sistemində kurs söhbəti yanlış anlayışdır.
“Kurs söhbəti kredit sistemi ilə zidd məsələdir. Bu bir qaçışdır, marafondur. Daxil olduğu ildə start götürür, nə vaxt gəlib proqramın tələbini ödəyərsə, onda bitirir. Boloniya sistemində təhsil müddəti minimum 4 ildir. Biz diplom satırıq burada? Kəsrləri olan tələbələr gərək ərizə yazıb həmin fənnlərdən imtahan vermək istədiklərini bildirsinlər. Sentyabrın 20-nə qədər həmin müraciətlərin vaxtı bitir. Əgər təhsil haqqının ödənişində problem yaranırsa, biz bu problemi həll etməyə çalışırıq. Qaydaları bir az da yüngülləşdiririk, tələbələrə güzəştlər edirik. Bunu da qeyd edim ki, bəzi universitetlərdə rektorun qəbuluna düşmək elə də asan deyil. Ancaq bizim universitetin tələbələri istədikləri vaxt mənimlə görüşə və eyni zamanda öz problemlərini deyə bilərlər”.
Rektordan sonra, şikayətçilərlə əlaqə saxladıq. Onlar rektorun doğru söyləmədiyini, gün ərzində nə qədər çalışsalar da, onun qəbuluna düşə bilmədiklərini dedilər.
Modern.az