Modern.az

Kommunist lider: “Vaxt gələr, Leninin heykəli yerinə qayıdar”

Kommunist lider: “Vaxt gələr, Leninin heykəli yerinə qayıdar”

19 Sentyabr 2013, 17:59

Sovet İttifaqının 1991-ci ildə süquta uğraması ilə bütün müttəfiq respublikalarda Şura hökuməti qurucuları, partiya-dövlət xadimlərinin heykəlləri yığışdırılmağa başladı. Bu proses Azərbaycandan da yan keçmədi. Lakin bu heykəllərin sonrakı taleyi ilə bağlı heç bir məlumat yoxdur.

Modern.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov həmin abidələrin hazırda harada olması haqda dəqiq məlumata malik olmadığını bildirib.

“Məndə olan məlumata görə, Leninin, Əzizbəyovun və digərlərinin heykəlləri dövlət tərəfindən qorunur. Onlar etibarlı yerdədir. Amma onların harada saxlanması barədə dəqiq məlumatım yoxdur”.

Sovet dövlət xadimlərinin heykəllərinin sökülməsini pisləyən Rauf Qurbanov bununla belə həmin heykəlləri saxlamaq üçün partiyanın maddi vəsaitlərinin olmadığını bildirdi.

“Gərək həmin abidələr qalardı. İstər 26-ların, istərsə də Məşədi Əzizbəyovun abidəsinin götürülməsi ilə əlaqədar Kommunist Partiyası bəyanatlar verib. Amma çox təəssüf ki, hakimiyyət orqanları tərəfindən səsimiz eşidilmədi. Bu gün Azərbaycan Kommunist Partiyasının elə bir imkanı yoxdur ki, abidələri bir yerə toplayıb anbarda yerləşdirsin. Həm də abidələri dövlətdən almaq üçün maliyyə imkanımız yoxdur”.

AKP sədri bununla belə, gələcəkdə tarixi abidələrin öz yerinə qayıdacağına ümid etdiyini bildirdi. “Vaxt gələr, həmin abidələr yenə öz keçmiş yerlərində bərpa olunar”.

 

Vüqar İsmayılov      

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular