Modern.az

Mərhum Murtuz Ələsgərovun 85 illik yubileyidir

Mərhum Murtuz Ələsgərovun 85 illik yubileyidir

19 Sentyabr 2013, 18:43

Sentyabrın 20-də Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, əməkdar hüquqşünas, hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü mərhum Murtuz Ələsgərovun 85 illik yubileyidir.

Murtuz Nəcəf oğlu Ələsgərov 1928-ci il sentyabr ayının 20-də Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi başa vurduqdan sonra o, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1950-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. O, 1950–1953-cü illərdə SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirərək beynəlxalq hüquq sahəsində ixtisaslaşmağa başlayıb.
Hələ erkən yaşlarından Gəncə şəhərində yerləşən müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olan Murtuz Ələsgərov 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin hüquq fakültəsində dərs demişdir. O, müxtəlif illərdə burada baş müəllim, dosent, professor və kafedra müdiri, 1993–1996-cı illərdə isə universitetin rektoru olub.
Murtuz Ələsgərov Birinci, İkinci və Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1996-cı və 2000-ci illərdə isə Milli Məclisin sədri seçilib.
Murtuz Ələsgərov 1953-cü ildə hüquq elmləri üzrə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib.
Tanınmış alim Murtuz Ələsgərovun Azərbaycanda hüquq elminin inkişafında mühüm xidmətləri vardır. O, öz qiymətli araşdırmaları ilə elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır. Beynəlxalq hüquq sahəsində böyük nüfuz sahibi olan Murtuz Ələsgərov 200-dən artıq elmi əsərin, o cümlədən bir sıra monoqrafiyanın, dərslik və dərs vəsaitinin müəllifidir. O, ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya kimi ölkələrdə iştirakçısı olduğu müxtəlif konfrans və simpoziumlarda elmimizi layiqincə təmsil edib.
Murtuz Ələsgərov pedaqoji və elmi fəaliyyəti ilə yanaşı, yüksək ixtisaslı kadrların hazırlanması üçün böyük qüvvə sərf edib. Onun rəhbərliyi altında çox sayda gənc mütəxəssis alimlik dərəcəsi almışdır. O, yarım əsrdən artıq bir dövrü əhatə edən çoxşaxəli fəaliyyəti ərzində ölkəmizdə elmin və təhsilin inkişafına layiqli töhfələr verib. Onun yetirmələri bu gün ölkəmizin hüquq-mühafizə orqanlarında uğurla çalışırlar.
Azərbaycan öz müstəqilliyini bərpa etdiyi dövrdə ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisələrin fəal iştirakçısı olan Murtuz Ələsgərov həmişə əsl vətəndaş mövqeyi nümayiş etdirib, respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizədə qətiyyət və əzmkarlıq göstərib. Yeni Azərbaycan Partiyasının təsis edilməsi və formalaşmasına fəal şəkildə qoşulan Murtuz Ələsgərov ömrünün sonunadək partiyanın sədr müavini vəzifəsini tutub.
Murtuz Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin deputatı, daimi komissiya rəhbəri və Milli Məclisin sədri olaraq suveren dövlətçiliyimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkəmizdə parlament ənənələrinin təşəkkül tapmasına sanballı töhfələr verb. Onun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında xidmətləri təqdirə layiqdir. Murtuz Ələsgərov Azərbaycan Respublikasının bir çox qanunlarının və qanunvericilik aktlarının işlənib hazırlanmasında və qəbul edilməsində bilavasitə iştirak edib.
Murtuz Ələsgərovun çoxillik səmərəli elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara layiq görülüb, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatı olan “İstiqlal” ordeni ilə təltif edilib.

Murtuz Ələsgərov 2012-ci il avqustun 7-də, ömrünün 84-cü ilində vəfat edib. Mərhum Fəxri Xiyabanda dəfn olunub./Femida.az/

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular