Modern.az

Sözü imzası olan lider – Əvəz Qocayev yazır

Sözü imzası olan lider – Əvəz Qocayev yazır

24 Dekabr 2023, 12:55

Prezident İlham Əliyevin builki ad günü ötən illərdəki ad günlərindən fərqlənir. Bu dəfə onun ad günü işğaldan tam azad edilmiş Azərbaycanda qeyd edilir.

 

İlham Əliyev hər il doğum gününü  özünəməxsus formada qarşılayıb. İctimaiyyət yaxşı bilir ki, möhtərəm Prezident 24 dekabrda ad gününü qaçqın və məcburi köçkünlərlə, şəhid ailələri ilə keçirir. Yaxşı yadımdadır, o, 2011-c ildə – 50 yaşı tamam olan vaxt Ağcabədiyə getmişdi. Orda Taxta körpü qəsəbəsində yubileyini laçınlılarla qeyd etmişdi. 60 yaşını isə Şuşada Cıdır düzündə qarşıladı. Bu, çox böyük simvolik prosesdir. İlham Əliyev sistemli şəkildə Qarabağın işğaldan və separatizmdən azad edilməsi istiqamətində dayanmadan iş aparıb. Taxta körpüdən Cıdır Düzünə 10 il məsafə var. O, həmin məsafəni böyük siyasi ustalıqla və qətiyyətli, peşəkar Ali Baş Komandan kimi qət etdi.

 

Cənab Prezident ali dövlət vəzifəsinin icrasına başladığı gündən xalqa söz vermişdi ki, Azərbaycan bayrağı Şuşada, Xankəndidə dalğalanacaq. Budur, artıq o bayraq hər iki tarixi Azərbaycan şəhərində, eləcə də işğaldan azad edilən bütün ərazilərdə ucaldılıb. İlham Əliyevin sözü onun imzasıdır!

 

24 dekabr 2011-ci il. Taxta körpü qəsəbəsində görüş

 

İlham Əliyev təkcə Azərbaycanı deyil, regionu böyük problemdən xilas etdi. Erməni separatizmi bütövlükdə Cənubi Qafqazın qara yarası idi. Qaldıqca, davam etdikcə daha böyük fəsadlar törədirdi. Nəhayət, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 3 il əvvəl Qarabağı və digər əraziləri işğaldan azad etdi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə antiterror tədbirləri ilə separatizmə, işğala birdəfəlik son qoyuldu. Bütün bunlar İlham Əliyevin rəhbərliyi, komandanlığı ilə baş verdi. Buna görə Azərbaycan xalqı ona ömürlük mandat verməyə hazırdır!

 

Şuşa, Cıdır düzü

 

Artıq Prezident İlham Əliyev Azərbaycan və bölgəni hərb, müharibə formatından çıxır. Yeni mərhələ başlayıb. Sülh sazişinin bağlanması istiqamətində ciddi müzakirələr gedir. Cənab İlham Əliyevin strateji hədəfi budur ki, qara səhifə bağlansın, ölkəsi, həmçinin Cənubi Qafqaz normal mərhələyə qədəm qoysun. Bu prosesin başında Azərbaycan və Prezident İlham Əliyev dayanır. Böyük səy, düzgün siyasət və xalqa, Vətənə olan sevgi sayəsində əminik, cənab Prezident bu işin də öhdəsindən uğurla gələcək.

 

Möhtərəm Prezidenti ad günü münasibəti ilə ürəkdən təbrik edirəm. Ona möhkəm can sağlığı, Azərbaycanın yeni quruculuğunda uğurlar diləyirəm. İnanıram ki, 7 fevral 2024-cü ildə keçirilməsi nəzərdə tutulan prezident seçkisində xalqımız yekdilliklə ona səs verəcək. İlham Əliyevə səs vermək Azərbaycanın işıqlı gələcəyinə səs vermək deməkdir. Yaşasın Azərbaycan. Yaşasın İlham Əliyev!

 

Əvəz Qocayev
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza