Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avronest Parlament Assambleyasının enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov və deputat Rasim Musabəyov sentyabrın 18-də Litvaya səfər ediblər.
Səfər çərçivəsində deputatlar Litva parlamentinin vitse-spikerləri İrena Dequtiene və Algirdas Sisas, parlamentin beynəlxalq əlaqələr komitəsinin sədri Benediktas Yuodka, qanunverici orqanda təmsil olunan Sosial Demokrat Partiyasının qrup rəhbəri İrena Siauliene, Konservatorlar Partiyasının sədri, sabiq Baş nazir Andriyus Kubiliyus və Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər.
AzərTAc-ın məlumatına görə, görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Həmçinin Litva parlamentində qondarma “Dağlıq Qarabağ Respublikası” ilə dostluq qrupunun yaradılmasının ikitərəfli əlaqələrə kölgə saldığı təəssüflə qeyd edilib.
Litva nümayəndələri öz növbəsində həmin qrupun yaradılmasını pislədiklərini, bu addımın arxasında maraqlı qüvvələrin olduğuna inandıqlarını bildirmiş, eyni zamanda, Litva dövlətinin mövqeyinin dəyişməz olaraq qaldığını, rəsmi Vilnüsün Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etmiş və bəzi deputatların fərdi təşəbbüslərinin parlamentin rəsmi mövqeyi olmadığını diqqətə çatdırıblar.
Həmin gün azərbaycanlı deputatlar Litva xarici işlər nazirinin müavini Andriyus Krivasla görüşüb, ölkələrimiz arasında ikitərəfli münasibətlər və əməkdaşlığın perspektivləri barədə müzakirələr aparıblar. A.Krivas diqqəti Litvanın Avropa İttifaqında sədrliyinə və İttifaq dövlətlərinin, eləcə də “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin dövlət və hökumət başçılarının noyabrın 28-29-da Vilnüsdə keçiriləcək sammitinə yönəldib. Nazir müavini bu mühüm tədbirin bütün üzv dövlətlər üçün uğurlu nəticə verəcəyinə inandığını bildirib.
Sentyabrın 20-də Milli Məclisin deputatları Avronest Parlament Assambleyasının təşkil etdiyi “Enerji yetərliliyi və bərpa olunan enerji perspektivində Şərq tərəfdaşlığı” mövzusunda seminarda iştirak edəcəklər.
Modern.az