Nigar Köçərlinin bir kibrit çöpü ilə – “Azərbaycan yazarları Xalid Hüseyni qədər maraqlı yaza bilmir” atmacası ilə “Əli və Nino” şəbəkəsinin müdiri hədəfə götürüldü. Bundan sonra milli yazarlar arasında ən çox kitabı satılan üç şəxsin adı elan edildi. Eyvaz Zeynalov “üçlük”də ikinci ədəbi yazar, nasirdir. “Ən çox satılanlar” arasında onun əsəri “Bələdçi”dir.
Modern.az-a danışan Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Shahbulaq.az” ədəbi saytının təsisçisi olan müəllifin ilk kitabı (“Rəngsiz yuxu”) 1990-cı ildə nəşr edilib. E. Zeynalovun, “Bahalı şokolad qutusu”, “Qırmızı almalar”, “Qarabağ hekayələri”, “Hekayələr”, “Qış günəşi” adlı bir neçə kitabı işıq üzü görüb.
– “Bələdçi” kitabınız son satış göstəricilərinə görə ən çox satılanlardan biri kimi qeyd olunur. Sizcə digər müəlliflərdən fərqləndirən hansısa səbəb var, yoxsa bu göstərici sırf təsadüfdür?
– Sırf təsadüf, məncə, olmur. Axı internet vasitəsi ilə saytlardan az-çox bir yazıçı kimi məni də tanıyırlar. Neçə illərdir qəzet-jurnallarda, sonra da saytlarda bədii yazılarım çap olunur. 1990-cı ildə "Yazıçı" nəşriyyatında "Rəngsiz yuxu" adlı povest-hekayələr kitabım çıxmışdı, üç aydan sonra Bakının kitab mağazalarında kitabımı alıb dostlara hədiyyə etməyə tapmadım. "Əli metroda işləyir" hekayəm “Azadlıq Radiosu”ndakı müsabiqədə birincilik qazananda da oxucuların çoxunun məni dəstəklədiyinin şahidi oldum. Kitabın təqdimatını keçirməsəm də, bir neçə saytda üz qabığı ilə bərabər, haqqında qısa məlumat, “Kult.az”da bir parça yayımlandı. Amma Şahbaz Xuduoğlunun “Azadlıq Radiosu”ndakı proqnozu mənimçün sürpriz kimi bir şey oldu. Yeri gəlmişkən, ona təşəkkürümü bildirirəm, kitabın reklamı ilə bağlı verdiyi sözü tutmasa, da bu “reklamı” ilə günahını yudu. Onu belə qınayıram ki, çap etdiyi müəlliflərə inanmalıdır. Heç olmasa, əlinin altındakı zövqünə inandığı bir adama çap etdiyi kitabı oxutmalı, fikrini öyrənməli, buna uyğun hərəkət etməlidir. Təvazökarlıqdan uzaq olsa da, ədəbi zövqünə bələd olduqlarımdan kim bu romanları ("Bələdçi" kitabı 2 romandan ibarətdir) oxuyubsa, ağızdolusu tərif yağdırıb. Kitabda e-mailimi, telefon nömrəmi qoymuşam, oxucuların tənqidlərini də dinləməyə hazıram. Onu da deyim ki, ilk dəfədir ki, kitabımı satışa çıxartmışam. Əvvəlki kitablarımı çap etdirib dost-tanışa paylayırdım.
– Necə bilirsiniz, kitabın kommersiya uğurunu öncədən təyin etmək olarmı? Yəni yazıçı bəri başdan hansısa daxili instiktləri dinləməli, yaxud kitab bazarında tələbatları, meylləri beynində saf-çürük etməlidir?
– Xüsusi resepti olub-olmadığını bilmirəm. Bu işi yəqin ki, kitab satışı ilə yaxından maraqlananlar bilərlər. Dedim axı, bazar iqtisadiyyatı dövründə ilk dəfədir kitab bazarı, kitab satışı ilə tanışlığa başlamışam. Şəxsən, mən nəsə yazanda (söhbət nəsrdən gedir) qurtarandan sonra onunla neynəyəcəyim haqqında heç nə düşünmürəm. Bəlkə ona görə ki, kitab bazarının dadını-ləzzətini hələ yaxşı bilmirəm.
– Nigar Köçərlinin bu sözüylə razılaşırsınız ki, azərbaycanlı yazarlar Xalid Hüseyni kimi maraqlı yaza bilmir?
– Qətiyyən! Müsahibələrimdə neçə dəfə xatırlatmışam, hələ indi də düz-əməlli tanımadığımız Mirzə Şəfini alman Bodenştedt Avropada üzə çıxardan kimi dünyaya yayıldı, dillərə tərcümə olundu. Sadəcə, bu, özümüzün özümüzə inamsızlığımızın nəticəsidir. Maliyyə dəstəyi və peşəkar tərcüməçilər olsa, düzgün, yaxşı təbliğ edilsə, yazıçılarımız azından Xalid Hüseynidən pis nəticə göstərməzlər! Neçə ildir onları da oxuyuruq, bizimkiləri də. İşlənməyən dəmir pas atar. Stimul böyük şərtdir. Yazıçı heç olmasa öz ölkəsində kitabını babat sata bilməlidir ki, yazmağa həvəsi olsun.
– Sovet dövründə bir çox yazıçıların kitabları yüz min tirajla nəşr edilirdi. Məsələn, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” bu tirajla yayıldı, bəs bu gün eyni sayda satıla bilərmi? Sizcə, Azərbaycan oxucusu sosial qayğılardan mütaliə mədəniyyətini itirib? Yoxsa internet, xüsusən sosial şəbəkələr oxu vərdişinin üzərindən xətt çəkib?
– Satıla biləcəyinə inanmıram. Ona görə yox ki, o əsər bu gün dəyərsizləşib, xeyr! Məncə, Anarın “Beşmərtəbə”si gələcəkdə də bədii dəyərinə görə yaşaya biləcək bir neçə əsərdən biridir. Sadəcə, arada bir qırıqlıq yarandı. Bu da bir ictimai sistemin dağılması, onun yerini hələ uyğunlaşa bilmədiyimiz başqa bir ictimai quruluşun tutması ilə oldu. Sonra da dalbadal əlifba islahatı, erməni işğalı... Əlbəttə, internetin də kitaba marağını azalmasında mənfi rolu var. Bir də, Azərbaycan təkcə Bakıdan ibarət deyil. Rayonlarda kitabxanalar, kitab mağazaları yoxdur. Millətimiz də, necə deyərlər, gözü görməsə, kitabla maraqlanmır. Ordakıların hüzuruna getmək lazımdır. Yaxşı olardı, Prezident parkları, mədəniyyət yerlərinin açılışını edərkən yerli hakimiyyət orqanlarından kitabxanaların, kitab mağazalarının tikilməsini də tələb etsin. İnanıram ki, bircə dəfə bunu dilinə gətirsə, ordakı məmurlarımız bir-birinə baxıb bunu edəcəklər. Bu kitaba marağın artmasına böyük təkan olardı. Virtual məkan kitabı tam ödəyə bilməz. Kitaba, kağıza ehtiyac, maraq həmişə olacaq.
– Gənc qadın ingilis yazarı Erika Leonard Ceyms özünün intim məzmunlu “Bozun əlli çaları”, “Zülmətin əlli çaları” və “Azadlığın əlli çaları” trilogiyası ilə bütün reytinqləri qırdı. Amma Əkrəm Əylisli “Yeni dövrün Təhminə və Zauru” məqaləsində gənc yazarları seksual mövzularda yazmağa görə kəskin tənqid etdi. Sizcə, Azərbaycan oxucusu bu haqda hansı rəydədir? O, Əkrəm Əylislinin, yoxsa Erika Leonard Ceymsin kitablarına qucaq açmaq istəyir?
– Bilirsiniz, Əkrəm Əylisli, əvvəla, milli mentalitet deyilən bir baxış bucağından çıxış edir. Hər millətin öz tarixi adət-ənənəsi, bu tarixi adət-ənənənin formalaşmasında böyük rol oynamış, tapındığı dini dünyagörüşü var. Birdən-birə bütün bunlara gözünü yumaraq ayaqlayıb keçmək həm mümkün, həm də hər adamın işi deyil. Bir də, Əkrəm Əylislinin haqqında yazdığı əsərdə intim məsələləri həllini tələb olunan bədii səviyyədə öz əksini tapmayıb. Məncə, narazılığı daha artıq burdan qaynaqlanır.
Pərvin Arzuqızı