“Məni kiminləsə səhv salırsınız. Heç vaxt 100 min adam çıxsın küçəyə gəlib xalqı xilas edim deməmişəm” Modern.az-ın məlumatına görə, bu fikirləri Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev sosial şəbəkələrdə ona ünvanlayan sualları cavablandırarkən bildirib.
Eks-spikerin sözlərinə görə, Milli Şuranın seçkilərdə qalib gəlmək şansı sıfıra bərabərdir:
“Azərbaycanda azad seçki mühiti yaradılmayıbsa, heç bir seçkidən və kiminsə təsadüfən udmasından danışmaq gülünc olar. Kimlər Milli Şuranın yaranmasını iyuna qədər uzatdı? Əslində, Milli Şura kimlərinsə seçki oyunundan çıxmaqlarına bəraət qazandırmaq rolunu oynadı. Mən deyəndə ki, Cəmil Həsənliyə maksimum 0.5 faiz səs verəcəklər, bir çoxları söhbətin şəxs kimi ondan yox, sistemin işləmə mexanizmindən getdiyini anlamır.
2005-ci ilin parlament seçkiləri ərəfəsi isə Azərbaycan müxalifəti çox geniş bir koalisiya – “Azadlıq Bloku”nu yarada bilmişdi və hər bir deputat yerinə bir mandatla qatılmışdı. Baxmayaraq ki, 2003-cü il seçkiləri camaatın ümidlərinə böyük zərbə vurmuşdu, ancaq 2005-ci ildə hələ də müxalifətə inam qalmışdı. Üstəlik, hakimiyyətin yuxarı eşelonunda da güclü parçalanma var idi. Ancaq bu dəfə də düzgün olmayan taktika və strategiyanın seçilməsi müxalifətin iflası ilə yekunlaşdı. Faktiki müxalifət 5 illik nokauta düşdü – nə 2008-ci ilin prezident, nə də 2010-cu il parlament seçkilərində aktiv görüntü belə yarada bilmədi.
Ona görə müxalifət düşərgəsində belələrinin sayı çoxdur ki, 20 ildir ilişib “siyasətdə” qalanlar öz zəifliklərini, acizliklərini, qorxaqlıq və məğlubiyyətlərini məhz bu cür “tezislə” izah ediblər”.
Anar RÜSTƏMOV