Modern.az

Kənd Təsərrüfatı Nazirliyi deputatın müraciətinə cavab verdi

Kənd Təsərrüfatı Nazirliyi deputatın müraciətinə cavab verdi

20 Sentyabr 2013, 12:44

“Ölkəyə genetik modifikasiya olunmuş (GMO) kənd təsərrüfatı toxumlarının gətirilməsinə ehtiyac yoxdur. Nazirlik olaraq bunun əleyhinəyik”.
Bu sözləri Modern.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib. O, qeyd edib ki, ölkəyə gətirilən bütün kənd təsərrüfatı toxumları fitosanitar nəzarətindən keçirilir.

“Nəzarətdən keçirildikdən sonra həmin toxumlar əkilməsi üçün tövsiyə olunur. GMO məhsulların ölkəyə gətirilməsi və satılması təhlükəlidir. Kənd Təsərrüfatı Nazirliyi bununla mübarizə aparır və bu barədə müvafiq qurumlara tapşırıqlar verilib”.

M. Hacıyev bildirib ki, Azərbaycanın yerli şəraitinə uyğun gələn yaxşı, məhsuldar və heç bir təhlükəsi olmayan, yüksək keyfiyyətli taxıl, meyvə və tərəvəz sortları var.

“Bunlar hamısı Azərbaycanın yerli şəraitinə uyğun olaraq, Azərbaycana elmi-tədqiqat institutları tərəfindən yaradılan sortlardır. Azərbaycanda GMO-lara ehtiyac yoxdur. Qanunda cəza tədbirlər, cərimələr artırılmalıdır ki, bizim bazarlarda belə şeylərə rast gəlinməsin. Cərimə şərtləri artırılsa daha yaxşı olar”.

M. Hacıyev eyni zamanda bildirib ki, mütəmadi olaraq Fitosanitar Nəzarət Xidmətinin laboratoriyaları təkmilləşdirilir. “Müasir dövrün tələblərinə cavab verəcək, istər baytarlıq laboratoriyaları, istərsə də Fitosanitar Nəzarət Xidmətinin laboratoriyaları təkmilləşdirilir. Gələcəkdə də bu istiqamətdə işlər nəzarətdə saxlanılacaq”.

Qeyd edək ki, Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Eldar Quliyev GMO məhsulların Azərbaycan gətirilməməsi, onlara nəzarət edilməsi və bununla bağlı qanunların icrasına nəzarət üçün Kənd Təsərrüfatı Nazirliyinə, gömrük orqanlarına müraciət edilməsini bildirib.  
“Biz bunları qadağan edirik, amma yerlərdə bu məhsullar əkilir. Biz bunları aydınlaşdırmaq üçün yeni avadanlıqlar gətirməliyik, laboratoriyaları genişləndirməliyik ki, genetik modifikasiya olunmuş məhsulları yoxlayaq”.

 

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular