Modern.az

Dünyada seçki mədəniyyətinin olduğu iki ölkə var - Türkiyə və Azərbaycan!

Dünyada seçki mədəniyyətinin olduğu iki ölkə var - Türkiyə və Azərbaycan!

Parlament

26 Dekabr 2023, 11:46

"Böyük şair İosif Brodskini vətənindən qovanda mükəmməl bir fikir söyləmişdi: “Əlimizdən məkanımızı aldılar. Bizə zamanımız qaldı.” Qərbi Azərbaycandan bizlər vəhşicəsinə qovulduqdan sonra zamanla döyüşdük. Çünki məkanımızı əlimizdən aldılar. Vəhşi ermənilər 20 faiz torpaqlarımızı işğal edəndən sonra 1 milyon insanımızı da məkanlarından məhrum etdilər".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.

 

O qeyd edib ki, Qarabağımız haqqında filmlər, əsərlər üçün ən yaxşı mövzulardan biri evdir.

 

"Erməni barbarlarının dağıtdığı hər bir ev haqqında mükəmməl əsər yaratmaq mümkündür. Ev mövzusu sənət adamlarının müraciət etdiyi motivlərdə, süjetin axarında, Dünya obrazında öz əksini tapmalıdır. Böyük yazıçıların birinin fikridir: “Çoxmərtəbəli binalarda doğulanlar evdə yox, mənzildə dünyaya gəlirlər. Evin özülü torpağa dirənməlidir: uşaq yalnız birbaşa torpaqla təmasda dünyanın magiyası ilə, mifologiyası ilə əlaqəyə girir; çoxmərtəbəli evdə o yerlə göy arasındadır, yəni yerin də göyün də cazibəsindən məhrumdur.”

 

Barbarların öz məkanlarından vəhşicəsinə didərgin saldığı insanlar evlərdə doğulmuşdular mənzillərə köçdülər. Ev-iki nəslin, iki səcərənin görüş yeridir. Biz dünyaya gəlməzdən əvvəl anamız evə köçmüş, bu və ya digər dərəcədə Evin içində öz ocağını qurmağa çalışmışdır. Bu iki nəslin nə şəkildə birləşməsi, uyuşması təkcə dünyaya göz açan körpənin taleyi deyil, onun dünyanı dərkinin xarakterini də müəyyən edir. Ermənilər minlərlə taleləri məhv etdilər", - deputat vurğulayıb.

 

Etibar Əliyev deyib ki, məcburən evlərini tərk edənlər ruhən evlərini tərk etmədilər.

 

"Barbarlar evlərimizin daşını - daş üstə qoymamışdılar. Biz işğaldan azad olunmuş rayonlarımıza, kəndlərimizə, insanların qayıdışını görəndə bunun şahidi oluruq. 30 ildən sonra yenidən evimizə qayıdırıq. 


21 dekabr 2023-cü ildə Xankəndi stadionunda Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışını bu sözlərlə başladı. “Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz! İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. 


Bizə məkanımızı qaytaran Prezidentimizə əbədi olaraq minnətdar olmalıyıq. 


Dövlətimizin başçısı keçən il ad günündə 24 dekabrda Qərbi Azərbaycan İcmasının inzibati binasında tarixi bir nitq söylədi. Həmin nitqin sonuncu fikri praqmatik çağrışdır: “Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah.”  


Bəli, İlham Əliyev “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”  fikri öz təsdiqini 7 fevral 2024-cü ildə də ən yüksək səviyyədə tapacaq. 


Bütün Qərb dünyası görəcək ki, seçki mədəniyyətinin, seçki coşğunluğunun iki ölkəsi var, Türkiyə və Azərbaycan!".

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI