Modern.az

Orxan Kərimov: “Prezidentə müraciətim hansısa məmurun masasında yatır”

Orxan Kərimov: “Prezidentə müraciətim hansısa məmurun masasında yatır”

20 Sentyabr 2013, 13:27


Təhsil Nazirliyinin keçmiş əməkdaşı Orxan Kərimovun ötən gün Bakı Apelyasiya Məhkəməsində şikayəti rədd edilib. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçən məhkəmənin sonunda şikayətə “yox” cavabı verilib.

Məhkəmə prosesi ilə bağlı Modern.az-a açıqlama verən Orxan Kərimov bildirib ki, şikayət heç bir əsas göstərilmədən rədd edilib. Onun sözlərinə görə, təqsirsiz olduğunu sübuta yetirmək üçün Ali Məhkəməyə müraciət edəcək.    

“Neçə aydır ki, mən və vəkilim bu cinayətə aidiyyətimin olmamağı ilə bağlı ortaya sübutlar qoyuruq. İttihamda iddia olunurdu ki, guya mən 2009-cu ilin avqust ayından cinayəti törətmişəm. Ortada Dövlət Sərhəd Xidmətinin həmin vaxt mən Bakıda yox Türkiyədə müalicədə olmağım haqqında arayış var. Amma belə ciddi sənədlər də məhkəmə qərarına təsir etmədi. Bütün sübutlara baxmayaraq, sonda “yox” cavabı verdilər. Ona görə qərara almışam ki, Ali Məhkəməyə müraciət etməzdən əvvəl həmin sənədləri geniş ictimaiyyətə çatdırım. Yəqin ki, yaxın zamanlara bununla bağlı mətbuat konfransı da keçirəcəyəm. Burada məqsədim odur ki, təqsirsiz olduğumu sübuta yetirən sənədlərlə ictimaiyyət də tanış olsun. Çünki orada açıq-aşkar göstərilir ki, mənim bu cinayətə heç bir aidiyyətim yoxdur. Həmin cinayətdə heç məni imzam yoxdur. Halbuki orada imzası olan vəzifəli şəxslər var. Belə çıxır ki, onları məsuliyyətdən kənarlaşdırmaqla məni onların yerinə yalandan da olsa məsuliyyətə cəlb etmək istəyirlər”.

Orxan Kərimovun dediyinə görə, prezidentə etdiyi müraciətdən də heç bir xəbər yoxdur.
“Yəqin müraciətim hansısa məmurun stolunun üzərində yatıb qalır”.

Əvvəl-axır Avropa Məhkəməsində bəraət alacağına inanan Təhsil Nazirliyinin keçmiş işçisi belə bir absurd cinayəti işinin Azərbaycan üçün bu ayıb olduğunu bildirdi.

“Həmin vaxt Türkiyədə olmağımı sübut edən sənədlər ola-ola 2009-cu ildə rüşvət aldığımı əsas gətirilər. Yaxşı bu qalsın bir kənara. 2008-ci ildə də köçürmə əməliyyatı olub, guya köçürmədən bir il sonra onun rüşvətini almışam”.

Qeyd edək ki, Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur. Amma prezident İlham Əliyevin göstərişi ilə ürək xəstəliyindən əziyyət çəkən O. Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri bir müddət öncə dəyişdirilib və o, müalicəyə göndərilib. O. Kərimov iyunun 27-də Mərkəzi Klinik Xəstəxana ürəyindən əməliyyat olunub. 

Gültəkin ƏLƏSGƏR    

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular