Modern.az

Milli Məclis 2023-cü ildə: Ən çox müzakirə olunan qanunlar...

Milli Məclis 2023-cü ildə: Ən çox müzakirə olunan qanunlar...

Parlament

28 Dekabr 2023, 12:26

Bu il Azərbaycanın daxili siyasəti xüsusi hadisələrlə yadda qalıb. Geridə qoyacağımız ildə qanunvericilik hakimiyyətini həyata keçirən Milli Məclisdə də bir çox qanun layihələri müzakirə olunaraq qəbul olunub. Bu il qəbul olunan qanun layiləri ictimaiyyət tərəfindən də geniş müzakirə olunub.

 

Modern.az ümumilikdə parlamentinin 2023-cü ildəki fəaliyyəti, ən çox müzakirə olunan qanun layihələri və s. bağlı araşdırma aparıb.

 

İlk olaraq bildirək ki, Milli Məclisin 2023-cü ilin yaz sessiyasında 14 iclası keçirilib, 91 qanun qəbul edilib. Bunlardan 72 qanunda dəyişiklik edilib, 18 beynəlxalq müqavilə təsdiqlənib. Bir qanun isə - “Elektroenergetika haqqında” tamamilə yeni qanun olub.

 

Yaz sessiyasının sonuncu iclasında Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 83 deputat növbədənkənar sessiyanın çağırılması üçün Milli Məclisin sədrinə müraciət edib. Parlament sədrinin sərəncamı ilə 2023-cü il iyunun 6-da növbədənkənar sessiyanın ilk iclası keçirilib.

 

Sessiya dövründə Milli Məclisin doqquz iclası baş tutub, 90 qanun və qərar qəbul edilib.

 

Milli Məclisin payız sessiyası çərçivəsində isə bu günə qədər 13 plenar iclas keçirilib. Bir neçə qanun layihəsinə dəyişiklik olunub.  Milli Məclisin daxili nizamnaməsinə uyğun olaraq isə plenar iclas dekabrın 30-da yekunlaşdırılmalıdır.

 

Eyni zamanda Milli Məclisdə bir neçə qanun layihəsi müzakirəyə çıxarılıb ki, bunlar ictimaiyyət tərəfindən geniş əks səda doğurub.

 

Bildirək ki, “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi uzun zamandır cəmiyyət tərərindən müzakirə olunan qanun layihəsi idi. Qanun layihəsi nəhayət bu ilin payız sessiyasında müzakirə olunduqdan sonra üçüncü oxunuşda qəbul olunub.

 

Belə ki, məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da imkan yaradacaq.

 

Qanun layihəsi rəqabət mühitinin inkişaf etdirilməsi və institusional bazanın möhkəmləndirilməsi istiqamətində inhisarlaşma meyillərinin iqtisadi fəaliyyətə və dövlət büdcəsinə mənfi təsirlərinin aradan qaldırılmasına imkan verən əhatəli bir hüquqi çərçivə yaradır.

 

Rəqabət Məcəlləsi bazarda hökmran mövqedə olan təsərrüfat subyektlərinin inhisarçı meyillərinin qarşısının alınmasının, kartel tipli əlaqələrin müəyyən edilməsinin, təbii inhisarların fəaliyyətinə səmərəli nəzarətin təşkilinin, haqsız rəqabət hallarının aradan qaldırılmasının və dövlət rəqabət nəzarətinin effektiv təşkilinin hüquqi bazasını özündə ehtiva edir.

 

Rəqabət Məcəlləsi qəbul edildikdən təxminən 6 ay sonra, yəni 2024-cü il iyulun 1-də qüvvəyə minəcək.

 

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmamışdı.

 

Bu qanun layihələrindən biri “Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdir.

 

 Belə ki, indiyə qədər qüvvədə olan qanuna əsasən yalnız Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun tutulduğu hallar sırasında yer alıb. Qüvvəyə minən qanuna əsasən isə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyənləşib.

 

Belə ki, yeni rüsumların aşağıdakı kimidir:

 

- Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün - 125 manat

 

- bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi - 25 manat

 

İlin ən səs-küylü layihələrindən biri də “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklikdir.

 

Belə ki, qanun hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişiklikləri nəzərdə tutur.

 

Azərbaycan ərazisində fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrində qiyabi təhsilin mövcud olmaması səbəbindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçularla komplektləşdirilməsi məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişlikliyin edilməsi təklif olunur. Dəyişikliyə əsasən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.

Bundan başqa, dövlət vəsaiti hesabına Azərbaycanda və xarici ölkələrdə ali təhsil almış və Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün hazırlanmış zabitlərin əldə etdikləri peşəsi və bilikləri ilə Silahlı Qüvvələrə töhfə verməsinin və təcrübələrinin gənc zabitlərlə bölüşməsinin təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişikliklərin edilməsi təklif olunur. Belə ki, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcəkdir.

 

Qadınların həqiqi hərbi xidmətdə olmalarının yaş hədləri ilə bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə arasında ziddiyyətin aradan qaldırılması, gender bərabərliyinin Silahlı Qüvvələrdə də təmin edilməsi məqsədilə qadınların həqiqi hərbi xidmətdə ehtiyatda olmalarının son yaş hədlərinin kişi cinsli hərbi qulluqçularla bərabərləşdirilməsi məqsədəuyğun hesab edilir.

 

Qanun layihəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılması təklif olunur. Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır.

 

Qanun layihəsində yuxarıda qeyd olunan dəyişikliklərlə yanaşı dövlət tərəfindən yetişdirilməsinə zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur. Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur.

 

Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı həmin dövrə görə qulluq stajına görə əlavənin faizinin də 50-dən 65-ə qaldırılması təklif edilib. Qanun layihəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

 

Bundan başqa, layihədə 20 təqvim ili hərbi xidmət müddətinin tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcəkdir. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.

 

“Diplomatik xidmət haqqında” qanun layihəsinə edilən dəyişikliklə isə Azərbaycan Respublikasının səfirik və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarına güzəştlər ediləcək.

 

 Təklif olunan dəyişikliyə əsasən, birdəfəlik yerləşmə müavinəti  təsis edilir; diplomatik xidmət əməkdaşlarının orta ixtisas və ali təhsilin bakalavr səviyyəsində təhsil alan 23 yaşadək övladlarına təhsil müavinəti veriləcək; diplomatik xidmət əməkdaşlarının əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə görə aylıq müavinət ödəniləcək; müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətdə fəaliyyət göstərən diplomatik xidmət əməkdaşlarına kompensasiya ödəniləcək; diplomatik xidmət əməkdaşlarına aylıq təmsilçilik müavinəti ödəniləcək; diplomatlar üçün təsis edilən kompensasiya və müavinətlər, həmçinin  diplomatik missiyanın tərkibində fəaliyyət göstərən inzibati-texniki xidməti həyata keçirən şəxslərə  də şamil ediləcək.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarına və inzibati-texniki xidməti həyata keçirən şəxslərə ödənilən müavinətlərdən, kompensasiyalardan və dövlət məvacibinə tətbiq edilən əmsalların məbləğindən vergi tutulmur.

 

 “Polis haqqında” qanuna təklif edilən dəyişiklikdə isə  müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları (18 yaşına çatmayan kursantlar istisna olmaqla) və dinləyiciləri müvafiq təhsil proqramlarının tərkib hissəsi olaraq, ixtisas üzrə təcrübənin keçirilməsi məqsədilə daxili işlər orqanlarının üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsinə cəlb ediləcəklər.

Daxili işlər orqanları üçün kadr hazırlığı qaydası da müəyyənləşir. Layihəyə əsasən, daxili işlər orqanlarının orta, böyük, ali rəis heyəti vəzifələri üçün orta ixtisas və ali hüquq təhsilli kadrların hazırlanması, habelə daxili işlər orqanlarının əməkdaşlarının əlavə təhsilli müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələri tərəfindən həyata keçiriləcək.

 

Daxili işlər orqanlarının əməkdaşlarının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarının müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrində əlavə təhsilə cəlb edilməsi daxili işlər orqanlarının müvafiq ixtisaslı mütəxəssislərlə komplektləşdirmə ehtiyaclarının ödənilməsi məqsədilə həyata keçiriləcək.

 

 “Dövlət rüsumu haqqında” qanuna dəyişiklə, yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

 

Qanunun hazırkı bəndi isə belədir:

 

“Hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.

 

Qanunun qeyd hissəsində göstərilib ki, təklif olunan dəyişikliklər aşağıdakıları nəzərdə tutur:

 

Minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmindən imtina olunması və rüsumların daimi olaraq müəyyən edilməsi;

 

Həmin dövlət rüsumlarının minik avtomobilləri hərracda özgəninkiləşdirildiyi hallara da şamil edilməsi;

 

Yaxın qohumlara bağışlanması hallarına görə dövlət rüsumunun istisna olunması və bu hala görə daha az dövlət rüsumunun (10 manat müəyyən edilməsi).

 

Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında” qanunlara edilən dəyişiklik isə şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etmədən (eləcə də tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan) tikilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı sistemlərinə (bu qanunla qazpaylayıcı şəbəkəyə) qoşulması qadağan edilib.

 

Həmin tələblərin pozulmasına görə Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulub.

 

 

Aysel Məhərrəmli

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda dərc olunub.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI