Modern.az

Qəzza üçün sülh planı: HƏMAS niyə YOX deyir...

Qəzza üçün sülh planı: HƏMAS niyə YOX deyir...

28 Dekabr 2023, 09:37

Misir İsrail və HƏMAS arasında müharibədə daimi atəşkəsə nail olmaq üçün təkliflər hazırlayıb və tərəflər arasında danışıqlar aparır.

 

Modern.az-ın məlumatına görə, təkliflər paketində bir neçə mühüm məsələlər yer alıb və hər iki tərəfin təkliflərlə bağlı fərqli düşüncələri mövcuddur.

 

Təkliflərdən bəziləri aşağıdakılardır:

 

Hakimiyyətdən uzaqlaşma 

 

Misir HƏMAS və onun tərəfdaşı olan İslami Cihad qruplaşmasının daimi atəşkəs müqabilində Qəzza zolağında hakimiyyətdən əl çəkməsini təklif edib.

 

Hər iki qruplaşma təklifi rədd ediblər. İki qrupun rəsmiləri açıq şəkildə təkliflə razılaşmadılarını deyiblər. Qruplaşma liderləri dəfələrlə qeyd ediblər ki, müharibədən sonra Qəzzanın gələcəyinə xaricilər deyil, fələstinlilər qərar verilməlidir.

 

İsrail HƏMAS və İslami Cihadın məhv edilməsini qarşısına məqsəd qoyub. Baş nazir Benyamin Netanyahunun köməkçiləri bu məqsədin qrupun bütün hərbi və idarəetmə imkanlarının sıradan çıxarılmasına və Qəzza əhalisinin deradikalizasiyasına gətirib çıxaracağını bildirib.

 

Mərhələli atəşkəs

 

Misir bir və ya iki həftəlik ilkin müvəqqəti atəşkəs, ardınca çoxmərhələli atəşkəs təklif edir. Təklifə görə müvəqqəti atəşkəs bərpa olunduqdan sonra ilkin 10 günlük mərhələdə humanitar atəşkəs elan olunmalıdır. Bu zaman HƏMAS əsir götürülən bütün qadın, uşaq və qoca kişiləri azad edəcək. Bunun müqabilində İsrail eyni kateqoriyadan olan fələstinli məhbusları sərbəst buraxacaq, bütün döyüşləri dayandıracaq. İsrail, həmçinin tankları insanların məskunlaşdığı ərazilərdən kənara köçürəcək, tibbi və ərzaq yardımı, yanacaq və qazın çatdırılmasına icazə verəcək, insanların Qəzzanın şimalına geri qayıtmasına şərait yaradacaq.

 

İkinci mərhələdə HƏMAS bütün İsrail qadın əsgərlərini azad edəcək. Bunun müqabilində İsrail daha bir qrup məhbus fələstinlini sərbəst buraxacaq. Hər iki tərəf oktyabrın 7-dən bəri saxlanılan cəsədləri də dəyişdirəcək.

 

Üçüncü mərhələ bir ay davam edə bilər və razılaşdırılmış sayda fələstinli məhbusların qarşılığında HƏMAS-ın nəzarətində olan bütün əsirlərin azad edilməsi nəzərdə tutulur.

 

Ardınca İsrail Qəzzadan tanklarını çıxaracaq və hər iki tərəf bütün düşmənçilik fəaliyyətlərini dayandıracaq.

 

HƏMAS müvəqqəti atəşkəsdən imtina edir

 

Qahirədə Misir rəsmiləri ilə ayrı-ayrılıqda danışıqlar aparan həm HƏMAS, həm də İslami Cihad qruplaşmaları İsrailin “təcavüz”ü sona çatmayınca döyüşləri dayandırmayacağını bəyan edib.

 

HƏMAS-ın yüksək rütbəli rəsmisi Usamə Həmdan Livanda keçirdiyi mətbuat konfransında jurnalistlərə atəşkəslə bağlı təşəbbüslər barədə sualına belə cavab verib: "Təqdim olunan çoxlu ideyalar var, ancaq biz təcavüzün hərtərəfli dayandırılmasını istəyirik, müvəqqəti atəşkəslər yox. Biz buna gətirib çıxara biləcək ideyalara açığıq".

 

HƏMAS və İslami Cihad qeyd edir ki, məhbus mübadiləsi çərçivəsində İsrail həbsxanalarındakı bütün fələstinlilər azad edilməlidir. İslami Cihadın yüksək rütbəli rəsmisi "hamının hamıya" prinsipini təklif edib.

 

İsrail məhdud atəşkəsə razıdır, lakin qruplaşmaların müharibənin dayandırılması və qüvvələrin Qəzzadan çıxarılması tələblərini rədd edib.

 

Yekun mərhələ

 

Misir mənbələrindən biri müharibədən sonra Qəzzanın necə idarə ediləcəyi ideyasının gündəmə gətirildiyini bildirib. Fələstin rəsmiləri məsələnin atəşkəs təklifinin bir hissəsi və ya şərti olmadığını qeyd edib.

 

Misir Qəzzaya yardım və yenidənqurma işləri ilə məşğul olacaq texnokratlardan ibarət hökumətin formalaşdırılması və parlament seçkilərinin keçirilməsi üçün danışıqları təşviq edib. Təklifin son mərhələsində İsrailin Qəzzadan çıxması və köçkünlərin geri qayıtmasına icazə veriləcək.

 

Modern Təhlil və Araşdırma Qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...