Modern.az

Valyuta mübadilə məntəqələri yenidən yaradılır - Bu dəfə nə dəyişəcək?

Valyuta mübadilə məntəqələri yenidən yaradılır - Bu dəfə nə dəyişəcək?

İqtisadiyyat

28 Dekabr 2023, 13:44

Mərkəzi Bankın sədri Taleh Kazımovun qərarı ilə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxslərə, eləcə də, hər obyektə görə nizamnamə kapitalının minimum həddi müəyyən edilib. 

 

Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün kapital tələbi I bölgədə (Bakı) 600 min manat, hər əlavə obyektə görə 300 min manat, II bölgədə (Abşeron, Sumqayıt və Gəncə) 450 min manat, hər əlavə obyektə görə 150 min manat, III bölgədə (I, II və IV bölgələr istisna olmaqla, həmçinin Naxçıvan MR) 375 min manat, hər əlavə obyektə görə 75 min manat, IV bölgədə (Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş əraziləri) 300 min manat, hər əlavə obyektə görə 0 manatdır.

 

Mərkəzi Bankın bu qərarı nəyə hesablanıb?

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov valyutadəyişmə məntəqələrinin yaradılmasının zəruri məsələ olduğunu söyləyib:

 

"Valyutadəyişmə məntəqələrinin yaradılmasına zərurət var. Bu, günün tələbidir. Çünki mübadilə prosesinin əlçatan olması həm sahibkarlar, həm insanlar, həm  də turizm sektoru üçün çox önəmlidir. Buna görə də dekabrın 6-da Mərkəzi Bankın sədri hörmətli Taleh müəllim (Taleh Kazımov-red) ölkənin aparıcı iqtisadçılarıyla görüş keçirdi. Həmin görüşdə mən də iştirak edirdim. Ona verilən suallardan biri də valyutadəyişmə məntəqələri ilə bağlıydı. Cənab sədr həmin suala cavabında bu istiqamətdə ciddi işlərin görüldüyünü, yaxın vaxtlarda qərar veriləcəyini bildirdi. Göründüyü kimi, məsələ öz təsdiqini tapdı. 4 bölgə yaradıldı. 4 bölgə üzrə də təbii olaraq, kapitala ehtiyac vardı. Kapitalıın tələb edilməsi, bölgələrə bölünmə də doğru addımdır".   

 

E.Əmirov işğaldan azad olunmuş ərazilərdə valyutadəyişmə məsəsinə yenidən baxmaq lazım olduğunu düşünür.

 

"İşğaldan azad olunmuş ərazilərdə iki iqtisadi rayon və onların tərkibində 14 inzibati ərazi vahidi var. İki iqtisadi rayon üzrə yalnız bir məntəqəyə kapital tələb edib, digərinə 0 kapital tələbi prespektiv üçün müəyyən qədər risklidir. Bütöv iqtisadi rayon üzrə yox, hər bir inzibati ərazi vahidi üçün 0 kapital tələbinin qoyulması, məncə, daha doğru olardı. Hesab edirəm ki, insanların sayı artdıqca kapital tələbi məsələsinə yenidən baxılacaq. Buna ehtiyac var".

 

İqtisadçı Natiq Cəfərli isə düşünür ki, Mərkəzi Bank valyutadəyişmə məntəqələrini institusional şirkətlər halına gətimək istəyir: 

 

"Banklardan kənar fiziki və ya hüquqi şəxslər valyutadəyişmə məntəqələri açmaq istəyirsə, onların böyük kapitalı və dövriyyəsi olmalıdır. Təhlükəsizlik qaydalarına, estetik rəsmiləşdirməyə önəm verilir. Devalvasiyalardan sonra “exchange”lər qapadıldı. Ölkə üzrə minə yaxın “exchange”lər vardı. Onlar, hətta evin pəncərəsində belə fəaliyyət göstərirdilər. Mərkəzi Bank “exchange”lərin yayılmasında maraqlı olsa da, bunun daha təhlükəsiz və estetik zövqə uyğun olmasını istəyir. Mərkəzi Bankın  bu yanaşması anlaşılandır. “Lakin bu, bazara necə təsir edəcək?” ciddi sualdır. Çünki  Azərbaycanda fiziki şəxslərə bu qaydalara əməl etməsi mümkün deyil  Valyuta mərkəzləri elə böyük gəlirə malik deyillər ki, yatırım da etsinlər".

 

O deyir ki, proses belə davam edəcəyi təqdirdə kiçik oyunçular bazardan çıxacaq, yerinə daha böyük oyunçular gələcək.

 

"Mənə elə gəlir ki, əsas məqsəd də elə budur. Ölkədə turizmi inkişasf etdimək istəyiriksə, ölkə üzrə böyük valyutadəyişmə məntəqələri şəbəkəsinin açılmasına, institusional oyunçu 100 minlərlə vəsait xərcləməli  olacaq. Bu normaldırmı, həyata keçirilə bilən məsələdirmi kimi suallar var. Banklar bu fəaliyyət növü ilə məşğul olurlar.  Ayrıca valyutadəyişmə məntəqələri açmaq istəyənlər daha böyük çətinliklər və yatırımlarla üzləşəcəklər, hər hansı fiziki və hüquqi şəxslər də bunun altından çıxa bilməyəcək", - Natiq Cəfərli bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi