Bir müddət öncə Media Ombudsmanı Elmira Süleymanova jurnalistlərə açıqlamasında bu vəzifənin səlahiyyətlərini yerinə yetirə bilmədiyini qeyd edib. O bildirib ki, informasiya ombudsmanının fəaliyyət göstərməsi ilə bağlı onun özü, həm də jurnalistlər tələsirlər. Süleymanovanın sözlərinə görə informasiya ombudsmanı tam funksiyasını yerinə yetirə bilmir, bunun da bəlli səbəbləri var.
Məsələ ilə bağlı Modern.az mətbuat nümayəndələrindən münasibət öyrənməyə çalışıb.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, media ombudsmanı Ombudsman Aparatının tərkibində bir şöbədir, onun da formalaşmasında nəsə ləngimələr baş verir. “Media Ombudsmanın Elmira Süleymanovaya verilməsi qərarı qəbul olunanda mətbuat işçiləri yığıldı və bunu məqbul hesab etdi. Düşündük ki, yeni media ombudsmanına ehtiyac yoxdur”.
E. Süleymanovanın fəaliyyətinin zəif olduğunu deyən R. Məcid bildirib ki, bu onların öz problemidir. “Hər halda o şöbəni yaratmalı və şöbə aktiv fəaliyyət göstərməli idi. Əgər zəif fəaliyyət göstərirsə, bu onlarda təşkilatında qüsurların olduğuna dəlalət edir. Şöbədə dəyişiklik olmalıdır. Orada elə işçilər olmalıdır ki, media sahəsində təcrübəsi olan, medianın problemlərini bilən və bir az da fəal insanlar çalışsın”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, ombudsman təchizatı hər bir vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunur. “Azərbaycanda da Media Ombudsmanı yaradılıb. Əgər etiraf olunursa ki, bu funksiya yerinə yetirilmir, deməli, bununla bağlı müəyyən təkmilləşdirmələrin aparılmasına ehtiyac var. Çünki mətbuat icması, jurnalistika hər bir cəmiyyətin lokomitiv ictimai institutlarından biridir və bunun tənzimlənməsi hər kəs üçün vacibdir. Zaman-zaman burada təkmilləşdirmələrin aparılmasına, bu işin effektli təşkil olunmasına ehtiyac yaranıb”.
“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı xatırladıb ki, 2010-cu ildə ali səviyyədə Media Ombudsmanının səlahiyyətləri E.Süleymanovaya verilib: “O zaman Elmira Süleymanova bir neçə media mütəxəssisini dəvət etmişdi və bizimlə söhbət edib danışdı ki, burada əlavə iş yerləri, ştatların siyahısını hazırlayıblar, bunları Nazirlər Kabinetinə yollayıblar. Buradan isə maliyyə ayrılması üçün Maliyyə Nazirliyinə gedəcək. Onun bu yaxınlarda dediklərindən belə məlum olur ki, bu işlərin heç biri görülməyib. Onlar bütün lazımi sənədləri yuxarı instansiyalara yollayıblar və ortalıqda heç nə yoxdur. Bunlara gərək ştat verilsin, əlavə büdcə ayrılsın ki, işlərini görə bilsinlər. Demək ortalıqda heç nə yoxdur”.
Aytən ƏLİYEVA