Modern.az

Elçin Hüseynbəyli: ““Azdrama”nın direktoru İsrafil İsrafilovun özü yetişməlidi” - MÜSAHİBƏ

Elçin Hüseynbəyli: ““Azdrama”nın direktoru İsrafil İsrafilovun özü yetişməlidi” - MÜSAHİBƏ

Mədəniyyət

21 Sentyabr 2013, 12:53

Yazıçı-dramaturq, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli Modern.az saytına müsahibəsində teatr, dramaturgiya problemlərindən danışıb, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun darmaturqlar barədə səsləndirdiyi fikirlərinə münasibət bildirib.

- Elçin bəy, İsrafil İsrafilovun siz və digər dramaturqlar barədə fikirləri ilə tanışsız. Həqiqətən də bizdə ciddi dramaturgiya məktəbi yoxdu?

- İsrafil müəllimin açıqlaması mənim üçün gözlənilən idi. O, teatra gələndən dramaturgiyanı bilən və dramlar yazan bir neçə adam var ki, onlardan qaçaq gəzir. Açığı mən bunun səbəbini bilmirəm. Bəzi adamlarn var ki, özlərini yəhudi hesab edirlər ki, yəni biz ağıllıyıq. Bizə də Novruzəli kimi baxırlar. Ancaq mən düşünürəm ki, bu məqamda yerimiz dəyişik düşüb. Yəhudi təfəkkürlü biz dramaturqlarıq. Çünki biz strukturu, dramaturgiyanı bilirik. Bizdən qaçan adamlar isə Novruzəlilərdr. Teatr etimad mühitidir. Rejissorlar, direktorlar, dramaturqlar bir-birlərinə etimad göstərməlidir. İsrafil müəllim köhnə palan içi eşir.
Bir il bundan öncə mənə sual verdilər ki, “niyə əsərləriniz səhnəyə qoyulmur?”. Mən də demişdim ki, “bilmirəm bunların qarnının ağrısı nədir”. Bu ifadə obrazlı deyilmiş ifadədir. Yalnız Azərbaycan dilini,  ədəbiyyatını bilməyən adam bunu kontekstdən çıxarıb başqa cür izah edə bilər. Sonra məndən soruşmuşdular ki, “cavan dramaturq kadrlar niyə yetişmir?”. Demişdim ki, “milli dramaturqlar teatrda yetişməlidi. Teatra getməlidirlər, tamaşalara  baxmalıdılar, əsər yazıb təqdim etməlidirlər”. Yəni, bu cür  yetişməlidirlər.
Rəhmətlik Hüseynağa Atakişiyevin bir üstünlüyü var idi ki, o dramaturqlarla işləməyi bacarırdı. Hətta onu da deyim ki, mənim yetişməyimdə Hüseynağa Atakişiyevin böyük rolu olub. O mənə bir neçə pyes sifariş edib, sonra onları səhnələşdirib. Sadəcə olaraq bu vurğulayır ki, “Elçin Hüseynbəyli deyir ki, bizi yetişdirin”. Mənə yetişmək lazım deyil, mən yetişmişəm. Ancaq İsrafil İsrafilovun özü yetişməlidi. Mən bilmirəm ki, o nə yazıb. Deyilənə görə teatr nəzəriyyəçisidi. O nəzərə almalıdı ki, Elçin Hüseyinbəyli 20-yə yaxın dram əsərinin müəllifidi və o dramlar müxtəlif yerlərdə səhnələşdirib. Mədəniyyət naziri o əsərləri alıb. Mədəniyyət Nazirliyi mənim “Fatihə”  əsərimi dövlət sifarişi ilə səhnələşdirmək istəyirdi. Lakin o zaman Hüseynağa Atakişiyev rəhmətə getdi,  tapşırdılar o işi Bəhram Osmanova. Onun da o vaxtki  direktor Rəhman Hacızadə arasında mübahisəsi var idi.  Sonra da dram teatrının rejissoru Mərahim Fərzəlibəyov əsəri səhnələşdirmək istədi. Bəhram Osmanov da dedi ki, “yox, mən bu əsəri səhnələşdirəcəm”. Nə isə belə beləcə pyes qaldı ortalıqda…

- Bəs sizin barənizdə deyilən sözlərə kont-arqumentləriniz….

-Bilirsən, predmetsiz danışmaq olmaz. İsrafil müəllim deyir ki, Elçin Hüseyinbəyli “Sezar” pyesini təqdim etmişdi. O da zəif pyesdi. Onu qoyunca Bernard Şounun “Sezar” əsərini qoyaram. Şübhəsiz ki, Bernard Şou böyük dramaturqdu, bunu hamı bilir. Amma mən düşünürəm ki, o mənim pyesimi oxumayıb. Çünki mənim Sezarım şərti Sezardı. Bu sintetik dram əsəridi. Hadisələr Azərbaycanda baş verir. Son ictimai-siyasi prosesləri əhatə edir. Sezar rolu da ulu öndər Heydər Əliyevi təmsil edir. O ağıllı oyun üstündə qurulmuş sintetik dram əsəridi. Aydın Dadaşov, Zəminə Əlixanlı, Telman Vəlixanlı onun haqqında yazılar yazıb. Bu cür diletant səviyyədə danışmaq olmaz.  Səni ona görə dram teatrına rəhbər qoyublar ki, doğurdan da nəsə bir iş ortaya qoyasan. Mən orda gedən əsərlərin üstünə kölgə salmaq istəmirəm. Teatrdı, yaxşısı da ola bilər, pisi də ola bilər. Ancaq müəyyən mənfəət, maraqlar naminə  başqa dramaturları görməməzliyə vurmaq doğru deyil.
Bir də İsrafil müəllim deyir ki, “dramaturqlar düz başlamadı”. Mən düz başladım. Əksinə, o düz başlamadı. Direktor seçiləndə onu telefonla təbrik də etdim. Təklif etdim ki, gəl görüşüb danışaq. Amma o görüşmək istəmədi. Ha vaxt zəng edirdimsə, katibəsi deyirdi ki, qonağı var. Axırı dedim, bu qonaq hələ getməyib ki ?! Qonağı evdə qəbul edərlər. İşdə qonaq qəbul etmək olmur. İşdə işgüzar görüşlər olmalıdır. Sonra mən ona rəsmi müraciət etdim. Onlara da cavab vermədi.   Özünə arxayın olsaydı, cavab verə bilərdi. Hələ indi də cavab verməyib. Mən indi də sizin   vasitənizlə çatdırıram ki, zəhmət olmasa mənim rəsmi müraciətimə rəsmi cavab versinlər. Harda oturduğumu da bilirlər. Teatrın bədii rəhbəri Atabala çox yaxşı bilir ki, mən harda otururam. Ola bilsin ki, İsrafil müəllim yerimi bilmir. Mən Azərbaycan ədəbiyyatında yeni deyiləm. İsrafil müəllimdən fərqli olaraq  “Şah Abbas”,  “Don Juan” kimi romanların müəllifiyəm. Hələ dramları qoyuram bir tərəfə. Şah Abbasa aid dram yazmaq istəyirəm. Açığı deyim ki, akademik əsərlərimi səhnəyə qoymadığına görə həvəsdən düşdüm. O elə hesab edir ki, mənim əsərlərim dram teatrı üçün yararsızdı. Qoy izah etsin ki, niyə yararsızdı? Mən dram nəzəriyyəsini də, praktikasını da bilirəm. Paradoks teatrından tutmuş realist məktəbə qədər.. Demək olmaz ki, mən teatrdan bixəbər adamam. Teatr nədi, situasiya nədi, xarakter nədi, obrazlılıq nədi, mən bunları kifayət qədər yaxşı bilirəm. Çünki mən dramlarımda  intriqanı ortaya atan adamam. Teatr da intriqadan başlayır.

- Bəs, İsrafil İsrafilov nə səbəbdən bu cür arqumentlər yürüdüb?

- Deyirsən ki, səbəbi nədi, açığı mən də bilmirəm səbəbi nədir. Bu insanın görünür xarakteri elədi. İsrafil müəllimin təbirincə, ortada olan dramaturqlar yetəri qədər yüksək səviyyədə deyil və bu, əlahiddə dramaturq kəşf edəcək. Fikrin hansı istiqamətdə getdiyini mən bilmirəm. Müəyyən təxminlər edə bilərəm. Amma istəmirəm ki,  kimisə incidim.

- Sizin fikrinizcə, bu gün Azərbaycanda kimlər dram əsərləri yaza bilər?

- Dramaturq dünyanın heç yerində çox olmur. Öz dramaturgiya tariximizə baxaq. Kimlər var ki orda? Beş-altı ola, ya olmaya. İndiki dövrdə Kamal Abdulla, Əli Əmirli, Firuz Mustafanın yaxşı dram əsərləri var. Mənim əsərlərim də müxtəlif teatrlarda səhnəyə qoyulub. Bilirsən necədi, bəzi adamlar istəyir ki, mənimlə Mədəniyyət Nazirliyi arasında müəyyən narazılıq yaransın. Mədəniyyət Nazirliyi ilə mənim armada heç bir problem yoxdu. Nazir Əbülfəs Qarayev həmişə mənim qayğımı çəkib. Hətta mənə mənzilin verilməsində də çox böyük əməyi olan adamlardan biridir. Nazir müavini Ədalət Vəliyevlə isti münasibətlərimiz olub və bu gün də davam edir. Sadəcə olaraq teatr bizə bu qədər etinasız yanaşır və jurnalistlər soruşanda cavab veririk, onlar da elə bilir ki, narazılıq edirik. Biz konkret direktordan narazılıq edirik. Direktoru ora ondan ötrü qoyublar ki, Azərbaycan Mədəniyyət Nazirliyinin teatr proqramını öz mədəni qurumunda  həyata keçirsin. Amma bu nə edir,  onu mən hələ də anlamıram.

- Bayaq teatrın dramaturq yetişdirmək məsələsinə də toxunduz. Amma direktor  yetişdirmək məsələsinə bir az başqa cür yanaşmışdı…

- Ola bilər ki, mən şitiləm. Amma şitil olmaq üçün əvvəlcə toxum olmaq lazımdı. İsrafil müəllim özünü hansı statusda görür: ştildi, yoxsa toxumdu?

- Dramaturq kimi hansı teatrlardan narazı qalmısız?

- Bütövlükdə,  müəllif öz əsərinin bədii səhnə həllindən heç zaman razı  qalmır. O səhnəni başqa cür görür,  rejissor isə başqa cür. Amma mən səhnələşdirmənin səviyyəsindən asılı olmayaraq  bütün rejissorlara təşəkkür edirəm ki, əsərlərimə müraciət ediblər.

- Bəs teatr xadimlərinin, rejissorların, aktyorların intellekt səviyyəsi sizi qane edir?

- Mən düşüncə, təfəkkür baxımından elə də sadə adam deyiləm. Mənim də düşüncələrimdə,  hətta davranışlarımda mürəkkəblik var. Moskva təhsilim, çox mütaliəm, müşahidəm məndə müəyyən zənginlik yaradıb. Əvvəllər sırf paradoks teatr üslubunda yazmaq istəyirdim. Sonra gördüm ki, bunu tamaşaçı həzm edə bilmir. Mən ən ideal variant kimi Qriqori Qorini götürdüm. Teatrla tamaçaşı arasında ən ideal körpünü yaradanlardan biri də odur. Etiraf edirəm ki, onun mənə təsiri olub. “Fatihə” əsəri onunla yəhudi yazarı Şalum Alekomun təsirindən yaranıb. Qorinin “Pominalnaya Molitva” əsəri var ki, orda yəhudi yazarın “Südçü Teviyyə” əsərindən təsirlənmə var. Amma mən hər ikisindən təsirlənmişəm. Sadəcə orda yəhudi-rus, “Fatihə”də isə Azərbaycan-erməni münasibətləri əks olunub. Bəhram Osmanov əsəri oxuyub səhnəyə hazırlayanda dedi ki, “mən heyrət elədim, sən çox gözəl yazmısan”. Sonradan niyə hazırlamadı,  onu da bilmirəm. Bəlkə də kənardan elə adamlar var ki, onlar kimlərinsə fikrinə təsir edir. Mən onu bilmirəm. Şəxsən mənim  kiməsə nə bir qərəzim,  nə də nifrətim var. Sadəcə yaranmış situasiyadan çıxış yolu axtarıram. Deyirəm ki, ay rejissorlar, ay direktorlar gəlin çıxış yolunu birgə axtaraq. Mənim bilirsənmi nə qədər  “zaqatovkam” var . Teatr üçün çoxlu hazırlıqlarım və qeydlərim var. Sadəcə adamı həvəsdən salırlar, bu saat ancaq nəsrlə məşğulam.

- Elə isə biz də nəsrə keçək. Bir dəfə bizə açıqlamanızda bildirmişdiniz ki, biz Yazıçılar Birliyi olaraq ətalətdən çıxmalıyıq. Bu ətalət nədən ibarətdi, onu doğuran səbəblər hansılardı?

- Mən düşünürəm ki, Yazıçılar Birliyi müxtəlif istiqamətdə layihələrlə işləyə bilər. Onun üçün bizim layihələr departamentimiz olmalıdı. Ola bilsin ki, ədəbiyyat fondunun əvəzində bu yarana bilər. Bir halda ki, ədəbiyyat fondu üçün heç kim heç nə etmir, onda ona əvəz olaraq layihə departamenti yarana bilər. Hər il beş  layihə həyata keçirsən və o layihələrdə beş adam işləsə, onlar yaxşı maaş ala bilərlər. Nəzərə almaq lazımdı ki, Yazıçılar Birliyinin aparatını demirəm, ədəbi-mətbu orqanlarında maaş çox aşağıdı. Mən bunu deyirəm. İkincisi mən bunu əvvəl də demişəm ki, bizim jurnalların elektron variantı yaranmalıdı. Reallıq bunu tələb edir. Kağız variantını az tirajla saxlamaqla elektron varianta keçmək lazımdı. Ola da bilsin ki, bizim jurnalları birləşdirmək olar. Məsələn, onları birləşdirməklə pula qənaət edib, ildə bir dəfə ingilis dilində toplu buraxa bilərik. Yazıçılar Birliyinin işi hansısa yubiley tədbirlərini keçirməklə məhdudlaşmalı deyil. Bunu mən demirəm, çoxları belə düşünür. Mən də o düşüncələri əks etdirirəm.

- Bəs qarşıda gözlənilən qurultay barədə nə düşünürsünüz?

- Qurultaya gəldikdə isə Azərbaycan ədəbiyyatının ağsaqqalı kimi Anar müəllimin qalmasını istəyirəm. Amma Anar müəlllim getsə də, qalsa da burda əsaslı dəyişikliklər olmalıdı. Burda dinamikləşməyə ehtiyac var. Bizim maaşların artırılması uğrunda mübarizə getməlidi. 105, manat, 120 manat, 150 manat maaş alırlar. Bu maaşla yaxşı ədəbi orqan çıxarmaq olmaz. Çıxış yolları axtarmalıyıq. Nə etməliyik ki, burdakılar həm yaxşı maaş alsınlar, həm də yaxşı jurnal buraxsınlar. Hər şeyi dövlətin boynuna atmaq lazım deyil. Mənim qazancım tək “Ulduz”  jurnalından deyil axı. Müxtəlif beynəlxaq layihələrdə işləyirəm. Mən də istəyirəm ki, biz bunları edək. Şübhəsiz ki, Anar müəllim həmin layihələri yazıb kiməsə təqdim edəsi deyil. O, yalnız ağsaqqallıq edə bilər. Bunun üçün isə onun dinamik funksionerləri olmalıdı ki, onlar daim ideya ilə çıxış etsinlər. Bizdə bu çatmır. Mənim də istəyim budur ki, belə müsbət şeylər olsun. O ki qaldı, kənardan deyirlər ki, “Yazıçılar Birliyini yeyib–dağıtdılar”, onlar boş şeydi. Yazıçılar Birliyinin büdcəsi kifayət qədər şəffafdı. Kim yedi? Nə var ki, nə də yeyəsən?!
“Ulduz” jurnalının illik büdcəsi 66 min manatdır. Orda yeməyə nə var ki? 12 nömrə jurnal buraxırıq. Müəlliflərə də az-çox qonorar veririk. Absurd ideyalardı. Reallığa baxsalar, özləri utanarlar.

- Tutaq ki, Anar müəllim istəməyib getdi. Onu əvəz edəcək namizədlər arasında kimlərin adları var?

- Bilirsiniz, əvəzedilməz şəxs yoxdu. Vaxtilə Çörçilə deyirdilər ki, “siz İngiltərəni böhrandan və müharibədən çıxardınız. Bəs niyə yenidən seçilmədiniz?”. Cavabında deyir ki, “mən fəxr edirəm ki, İngiltərənin mənim kimi onlarla oğlu var”. Mən də elə düşünürəm ki, əvəzedilməz şəxs yoxdu. Ancaq indiki mürəkkəb şəraitdə Anar müəllimin sədr qalması daha vacibdi. Mən Anar müəllimin əvəzindən danışa bilmərəm. Əgər düşünsə ki, yorulub, ya özü qalmaq istəmir onda  namizədlər var. Həmin namizədlərin barəsində də fikirləşmək lazımdı. 

- Həmin namizədlər konkret kimlərdi?

- Adı hallananlar, Sabir Rüstəmxanlı, Çingiz  Abdullayev, Rəşad Məcid, Elçin Hüseynbəylidi. Kənardan da adları çəkilənlər də var. Ən yaxşı yol azad seçkidi. Qurultayın nümayəndələri seçilir, onlar da kimi seçirlərsə  o da sədr olacaq.

- Baş redaktor kimi “Ulduz” jurnalının hazırki durumu barədə bir neçə söz... 

- Hazırda “Ulduz”un iki layihəsi var. Biri “Variasiya” adlanır. Yəni, sonluqsuz hekayə. “Publika.az”la birgə həyata keçirilir. Digərini isə bu yaxınlarda “Qafqazinfo” ilə başlamışıq. Nobel mükafatçılarının həyatları və əsərləri barədədir.

- Bir az da yaradıcılıq barədə danışaq. Hazırda nə yazırsınız?

- Yaxınlarda “Həyatın son günü” adlı bir dram əsəri yazmışam. Dekonstruktiv, postmodern bir əsərdir. Bir neçə rejissor əsərlərimi səhnəyə qoymaq istəyir. İki kiçik həcmli povest də yazmışam. Onları kitab şəkildə çap edəcəyəm. Hazırda “Qələm” nəşriyyatında 5 kitabım çapa hazırlanır. Biri “Azıx” romanıdır, dördü isə təkrar nəşrlərdir. “Metro vadisi”, “Balıq-adam”, “Tut ağacı boyunca” romanları da yenidən nəşr olunacaq. Bunlar payıza hazırlanacaq. Bir neçə dram əsərlərimi də təkrar nəşrə hazırlayıram. “Qələm” nəşriyyatı Qarabağ hekayələrimdən ibarət “Ağ-Qara“ kitabını çap etdi. İndi başqa hekayələrimdən ibarət iki cild kitabı da çap etməyə çalışır. 

- Son zamanlar ədəbi mühitdə “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli ilə bəzi yazarlar arasında konflikt yaranıb...

- Mənim bu polemikadan xəbərim var. Dünyada ədəbiyyat məkanında daşlaşmış bir həqiqət var: Yaxşı ədəbiyyat oxunan ədəbiyyatdı, pis ədəbiyyat oxunmayan ədəbiyyatdı. Bu belə qəbul olunub. Səni oxumurlarsa deməli, sən yaza bilmirsən. Amma mən düşünürəm ki, yazıçı “qızıl orta” nı tapmalıdı. “Qızıl orta” odur ki, sən elə yazmalısan ki, həm kütləyə, həm də elitaya təsir edə biləsən. Qızıl orta odur. Mən çalışıram ki, romanlarımda buna gedəm. Bizim yazıçılar “qızıl orta”nı tapmaqda çətinlik çəkirlər. Bilirsiniz, bir var sahə həkimi məsələn, burun-boğaz və s. Bir də can həkimi - terapevt. Mənə elə  gəlir ki, yazıçı daha çox terapevt olmalıdı. Belə olarsa,  yazıçıların normal oxucuları da olar. Məsələn, mən deyə bilmərəm ki, mənim oxucularım fontan vurur, ya da deyə bilmərəm ki, oxucularım yoxdu. Hər halda normal oxucularım var ki, nəşriyyat məni çap edir. Kütləvi yazıçılar əsasən dedektiv yazarlardı. Yəni onlar əsasən macəra axtarırlar.

- Kütləvi yazar oxunur amma Vaqif Bayatlı Odər və onun kimi digər elitar şair-yazıçılar isə çox az satılır. Bunu necə dəyərləndirək?

- Onlar da gərək elə şeyə darınmasınlar. Narahat olmasınlar. Özləri bilirlər ki, kimdi və kimlər üçün yazırlar.

- Gələcəyə yəqin ki, indi ən çox oxunanlar yox, məhz, bu insanlar “gedib çıxa biləcəklər...”

- O da ola bilər, başqa cür də ola bilər. Mücərrəd gələcəyə konkret cavab vermək qeyri-mümkündü. 

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu