Geridə qoyduğumuz 2023-cü ildə Azərbaycan üçün olduqca tarixi il olub. Belə ki, Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü tam təmin edilib. İl itkilərsiz də ötürşməyib.
Modern.az 2023-cü ilin ən vacib ictimai-siyasi hadisələrini təqdim edir:
İrandakı səfirliyimizə hücum
27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum edilib. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə olub. O, "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarıb və səfirlik əməkdaşlarına atəş açıb. Səfirlik əməkdaşları onu zərərsizləşdirməyə cəhd göstərib. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub. İki mühafizəçi isə yaralanıb.
Yasin Hüseynzadə çox keçməmiş, İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınayıb. Rəsmi Bakı hücumu "terror aktı" kimi qiymətləndirib. 30 yanvarda səfirliyin əməkdaşları Tehrandan evakuasiya edilib və fəaliyyəti dayandırılıb. Hazırda səfirliyin bərpası ilə bağlı müzakirələr aparılır.
“Bravo”da silahlı insident
Hadisə martın 4-də baş verib. Paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində silahlı hücum zamanı bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib. Onun mühafizəsini təşkil edən Rüfət Həşimov isə öldürülüb. Hadisəni törədən şəxslər məsuliyyətə cəlb edilib.
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd
28 mart 2023-cü ildə deputat Fazil Mustafa yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində “Kalaşnikov” silahı ilə hücuma məruz qalıb. Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Hadisəni törədənlər tutulub.
Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılması
Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsi qurub. Buna adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Şuşada “IV Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun keçirilməsi
İyulun 22-də Şuşa şəhərində “IV Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu keçirilib. Toplantıda ümumilikdə 50 ölkəni təmsil edən 120 media subyekti, rəsmi şəxslər, 250-dən çox qonaq iştirak edib.
Açılış mərasimindən sonra forum sessiyalarla davam edib. Sessiyalarda isə medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarılıb
Qlobal forum çərçivəsində, eyni zamanda, bəzi “side event”lər (paralel tədbirlərin) - sərgi və təlimlərdə keçirilib. Forum iyulun 23-ü axşama qədər davam edib.
Qarabağda lokal xarakterli antiterror tədbirləri
19 sentyabr 2023-cü ildə Azərbaycan ordusu Qarabağ bölgəsindəki separatçılara qarşı antiterror tədbirləri həyata keçirib. Əməliyyat nəticəsində bölgə separatçılardan təmizlənib və qondarma qurum özünü buraxmaq məcburiyyətində qalıb. Xankəndi, Xocalı, Xocavənd, Əsgəran, Ağdərə yaşayış məntəqələri Azərbaycan ordusunun nəzarətinə keçib. Oktyabr ayında Prezident İlham Əliyev sözügedən ərazilərdə Azərbaycan bayrağını qaldırıb.
Separatçıların həbsi...
Antiterror tədbirlərindən sonra Azərbaycan Qarabağdakı separatçıların həbsinə başlayıb. Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər. Hazırda onların məhkəmələri davam edir.
Xankəndidə Zəfər paradı
8 Noyabr 2023-cü ildə Zəfər Günü ilə əlaqədar Xankəndi şəhərində hərbi parad keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paradda iştirak ediblər.
Əsir hərbçilərin azad edilməsi
7 dekabrda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Nəticədə, əsirlərin qaytarılmasında razılıq əldə olunub. Azərbaycanın hərbi qulluqçuları Aqşin Bəbirov və Hüseyn Axundzadə əsirlikdən xilas edilib.
Xankəndi stadionunda "Qarabağ"-MOİK oyununun keçirilməsi
Dekabrın 21-də futbol üzrə ölkə kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK görüşü Xankəndi stadionunda baş tutub. Dövlət başçısı İlham Əliyev oyuna stadionda baxıb.