“Artıq mənim üçün iqtidar və ya müxalifət anlayışı çox az əhəmiyyət daşımaqda. Bir məsələyə ədalətli yanaşma var, ədalətsiz baxış var”. Modern.az-ın məlumatına görə, bu fikirləri Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib.
Müxalif cəbhədə təmsil olunmasına baxmayaraq F.Mustafa iqtidar-müxalifət münasibətlərini tənqid edib.
“Doğru mühakimə var, yanlış mühakimə var. Dünya siyasətinə realist baxış var, romantik baxış var. Xalq üçün çalışmaq görüntüsü, imitasiyası var, Allah rizası üçün xalqın tərəqqisinə çalışmaq var. İmanlı, imansız insan differensasiyası var. Həm də 9 milyon müştərək hədəfsiz insan cəmiyyətini ayaqda tutmalı olan, dünya siyasətində hər an pay bölgüsündə böyük güclər tərəfindən udula bilən, öz sərvətinin böyük hissəsini, BP ilə, ABŞ-la, Rusiya ilə qeyri-bərabər paylaşmaq müqabilində müstəqilliyini qoruya bilən bir dövlət var ortada. Bunun cəmiyyət üçün güclü görünən iqtidarı, nə dünya üçün, nə də qaba formada 20 ildir torpağını işğal altında saxlayan erməni üçün böyük güc sayılmaz. Odur ki, bu iqtidar-müxalifət savaşını amansız məcraya, ölüm-dirim havasına soxmaq yanlışdır. Bir də elə bir taleyinə laqeyd cəmiyyət var ki, bunun iman dəyərlərindən tutmuş, tarix şüuruna qədər kökündən dəyişmədikcə mütərəqqi heç bir layihə, demokratik bir islahat aparmaq mümkünsüz kimi görünür. Bu reallığı görəndən sonra bu ölkənin nə zəngin iqtidarınının, nə də onu əvəzləməyi arzulayan yoxsul siyasiləşmiş narazılarının əslində islahat barədə düşünmədiyi, ancaq günü xilas etmə təmayülündə olduğunu anladım. Biz ona görə siyasi fəaliyyətdən kənar həm də kitablarla, məqalələrlə, yazılarla mövqelər bildiririk ki, mənim, sənin fanatın olan, məni, səni bütə çevirən insanın deyil, sağlam mühakiməsi olan, real dünyanın şərtlərini anlayan, təlatümsüz, qarışıqlıqsız, tədrici islahat istəyən bir təbəqənin formalaşmasına yardım edək. Bu təbəqəni əhəmiyyətli bir gücə çevirək.
Yenə də bu görüşümdə israrlıyam ki, müharibənin sındırdığı, ədalətsizliyin çökdürdüyü Azərbaycan cəmiyyətinin çoxluğu nə qədər narazı olsalar da, yenə də içlərində sabitliyi ən vacib şərt sayırlar. Demokratiyanı şüar olaraq deyil, səmimi yaşam tərzi olaraq istəyən, arzulayan çox az sayda insan var. Demokratiya uğrunda mübarizə aparanların sayı da bu nisbətdə xeyli aşağıdır. Qüvvələr nisbəti çox-çox fərqli olanda, az qüvvə ilə zamanı tələsdirənlər daha çox geriləyəcəklər”-deyə deputat bildirib.
Modern.az