“Mən cənab İlham Əliyevə səs verəcək və növbəti beş ildə ölkəmizin daha böyük uğurlarından qürur duyacağımıza əminəm”. Modern.az bildirir ki, bu fikirləri xalq şairi Nəriman Həsənzadə hakim partiyanın saytına verdiyi müsahibədə qeyd edib.
Prezident seçkilərində prezident İlham Əliyevi dəstəkləyəcəyini deyən N.Həsənzadənin fikrincə, ölkə başçısı seçkilərdə qalib gələcək.
“Azərbaycan demokratik ölkə olduğunu dünyaya nümayiş etdirib. Əminəm ki, bu seçkilər də uğurlarımız sırasında olacaq. Xalqımız öz seçici hüququndan sərbəst istifadə edərək istədiyi namizədə səs verəcək. Çalışaq ki, seçimimizi düzgün edək. Azərbaycanın son on ildə qazandığı uğurlar dövlət başçısı İlham Əliyevin qələbəsini şərtləndirir. Mən cənab İlham Əliyevə səs verəcək və növbəti beş ildə ölkəmizin daha böyük uğurlarından qürur duyacağımıza əminəm.
Dövlət başçısı İlham Əliyevin qarşıdakı illər üçün müəyyənləşdirdiyi perspektivlər də uğurlarımıza söykənir. Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, cənab İlham Əliyev bu möhkəm təməl üzərində ölkəmizi inkişaf etdirir, zirvələrə yüksəldir.
Onun ziyalılara diqqət və qayğısı da Heydər Əliyev siyasətinin davamı kimi dəyərləndirilir. Yaradıcı insanlarla görüşləri, onların əməyinə yüksək səviyyədə verilən dəyər təqdir olunur.
Azərbaycan inkişaf yolunda inamla addımlayır. Ölkəmizə gələn qonaqlar bu inkişafdan heyranlıqlarını gizlətmirlər. Azərbaycan isimin bütün hallarında hallanır. Bununla ancaq və ancaq qürur duymaq olar. Təbii ki, uğurlarımıza sevinənlərlə, yanaşı onu böyük qısqanclıq hissi ilə qarşılayanlar da var. Bu da təbiidir.
Reallığı düzgün dəyərləndirmək gərəkdir. Daxili birlik ölkənin hərtərəfli inkişafını sürətləndirməklə yanaşı, beynəlxalq nüfuzuna da öz müsbət təsirini göstərir”.
Modern.az