Modern.az

Ədəbiyyat avtobusda reklam olunmalı, yoxsa ədəbi agentin ixtiyarına verilməlidir? - Sorğu

Ədəbiyyat avtobusda reklam olunmalı, yoxsa ədəbi agentin ixtiyarına verilməlidir? - Sorğu

23 Sentyabr 2013, 10:18


Qərb ölkələrində yazıçı uğurunun təminatçılarından biri ədəbi agentdir. O öncədən hətta tamamlanmamış əsərin PR-nı aparmaqla ilkin oxucu-alıcı kütləsinin müəyyən faizini toplayır. Azərbaycan kimi kiçik ölkədə hələ ki özünü “ədəbi agent” adlandıran şəxs, yaxud şirkət yoxdur. Bəs bu, yazarları ciddi şəkildə narahat edirmi?

Modern.az-ın sorğusunda iştirak edən yazarlar bu məsələyə fərqli rakursdan yanaşırlar.

Elçin Hüseyinbəyli: (yazıçı): “Azərbaycanda nəşriyyat işi inkişaf etməlidir. Nəşriyyat işi inkişaf edərsə, müəlliflərlə onların arasında olan iş birliyi daha sivil mərhələyə gələ bilər. İndi mənim üçün işləmək bir qədər rahatdır. Əvvəl kitabı özüm hazırlamalı, sponsuru özüm tapmalı, satışı ilə özüm  məşğul olmalı idimsə, indi bunu bütövlükdə “Qələm” nəşriyyatı həyata keçirir. Bu saat 61 və 65 saylı marşrut avtobuslarında larda mənim  “Şah Abbas” və “Don Juan” romanlarımın reklam lövhələri vurulub. Şübhəsiz ki, bu başqa yazarlar üçün də olacaq . Məsələn, “Hədəf” və “Qanun” nəşriyyatları bu sahədə işləyirlər. Yəni Azərbaycanda hələ nəşriyyatlarla müəlliflər arasında indi bəzi razılaşmalar yaranır. Siz deyən məsələlər gələcəkdə olacaq və mən buna inanıram”.

Yaşar (yazıçı): “Dünya təcrübəsində xüsusi naşirlər var ki, onlar bazarda oxucu tələbatına uyğun yazıçı yetişdirirlər. Məsələn, Maksvel Perges üç dahinin Heminquey, Tomas Vulf bir də Skott Fitsceraldın “yaradıcısı”dır. Tomas Volfun redaktorluq bacarığı yox idi. Onun “Evə dönüş yoxdur” romanının ilk variantı ilə sonuncusu arasında yerlə göy qədər fərq vardı. Çünki ona Pergesin əli dəyməmişdi. Yəni nəşriyyatlar var ki, onlar yazıçı yetişdirir. Görürlər ki, yazıçı bu mövzuda maraqlı bir əsər yaza bilir”.

Yunus Oğuz (yazıçı): “Təəssüf ki, bütün məsələlər yalnız müəllifin öhdəsinə düşür. O həm əsərin müəllifidir, həm onun texniki işçisi, həm də onun naşiri. Bu, müəllifin yaradıcılığına ciddi zərbə vurur. O məcburdur ki, günün yarıdan çox hissəsini yaradıcılıqdan kənar işləri həyata keçirsin. Mən ümumən Azərbaycanda kitab satışı və onun reklamından çox narazıyam. Şəxsən öz kitablarıma gəldikdə isə narazılığım yoxdur. Vaxtilə ATV telekanalında mənim “Türkün Altun kitabı”, “Nadir şah”, “Əmir Teymur”  və başqa romanlarım reklam olunub. Bu da onların satışına müsbət təsir edib”.

Məti Osmanoğlu (filologiya elmlər namizədi): “Sözün düzü, ədəbi agentin funksiyaları barədə anlayışım çox məhduddur. Ancaq bədii kitabların oxucuya yolunun açılması üçün mövcud imkanlardan da düzgün istifadə olunmur. Məsələn, bir kitabı almaq üçün mağazaları gəzməli olur, çox vaxt tapa bilmirsən. Hər hansı bir kitabın nəşr edildiyi barədə anonsları oxuyub, mağazaya gedirsən. Soruşanda deyirlər hələ nəşriyyat satışa verməyib. Yaxşı olmazmı qəzet və jurnallar kimi kitabların da ixtisaslaşmış yayım orqanları (məsələn, "Qaya") vasitəsilə satışı təşkil edilsin. Bunu kitabı çap edən nəşriyyatlar da yerinə yetirə bilərlər. Onda yazıçının kitab tacirlərindən asılılığı da xeyli azalmış olar”.

Zahid Sarıtorpaq (şair): “Necə deyərlər, ara qarışıb, məzhəb itib. Nəyin harda olması bir yana qalsın, kimin nə edəcəyi də müəmmadan başqa bir şey deyil. O ki qaldı kitabların təbliği məsələsi, ədəbiyyatın önə keçirilməsi üçün yollar axtarılması, bu olduqca ilginc bir məsələdir. Bundan ötrü birinci növbədə kütləvi informasiya vasitələrinə, ən başlıcası isə televiziya yayımlarına çıxmaq lazımdı. Bu isə bugünkü reallıqda o dünyaya dəyib qayıtmağa bərabərdir. Bundan ötrü bulağın gözünün durulması gərəkdir, hər mənada... Yəni siz deyən məsələləri həll etmək üçün. Çox iş görülməlidir. Birinci növbədəsə, bu işə başlamağın səmərəsini görmək evlərə girə bilən yayım vasitələrinə həqiqi azadlıq verilməlidir. Ondan sonra iş ildırım sürəti ala bilər. Bu isə reallıqda absurddur”.

Elmin Nuri 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?