Modern.az

Prezident olmaq istəyən deputatlar KİMLƏRDİR...

Prezident olmaq istəyən deputatlar KİMLƏRDİR...

4 Yanvar 2024, 11:42

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyə qədər prezident seçkiləri ilə bağlı yeddi nəfərin namizədliyi irəli sürülüb. Prezident olmaq istəyənlərin siyahısında Milli Məclisin deputatları da var. 

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq prezident olmaq istəyən deputatlarla bağlı araşdırma edib. 

 

Prezidentliyə namizədlik üçün adı irəli sürülən deputatlardan biri Fazil Mustafadır. Belə ki, dekabrın 16-da isə Böyük Quruluş Partiyasının (BQP) Ali Məclisinin qərarı ilə partiya sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb. Dekabrın 17-də isə sənədlərini MSK-ya təqdim edib. 

 

Prezident seçkilərində bir neçə dəfə iştirak edən Fazil Mustafa 19 oktyabr 1965-ci ildə, Naxçıvanda anadan olub. O, 1984-1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində Ukraynada sıravi əsgər kimi həqiqi hərbi xidmət keçib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1991-ci ildə həmin fakültədən hüquqşünas ixtisası ilə məzun olub.

Onun siyasi karyerası isə 1991-ci ildə başlayıb. İki il AXC sədri Əbülfəz Elçibəyin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri, 1991-2001-ci illərdə isə AXCP sədrinin müavini olub. AXC hakimiyyətinə Prezident Aparatında hüquq şöbəsinin müdiri vəzifəsini tutub.

 

Üç il ərzində isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində döyüş bölgəsində taqım komandiri vəzifəsində baş leytenant rütbəsi ilə həqiqi hərbi xidmət keçib.

 

Daha sonra isə 2003-cü ildə isə hazırda sədri olduğu Böyük Quruluş Partiyasını (BQP) təsis edib. 

 

Partiyanı yaradandan iki il sonra isə 2005, 2010, 2015 və 2020-ci illərdə 4, 5 və 6-cı çağırış Milli Məclisə seçkilərdə deputat seçilib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

 

2008-ci il də isə ilk dəfə prezident seçkilərində iştirak edib. O,  89985 seçicinin səsini alaraq 2,43 % səslə üçüncü olub. 

 

Hazırda Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədridir. 

 

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc da namizədliyini öz təşəbbüsü ilə irəli sürüb. 

 

Zahid Orucun siyasi karyerası 1990-cı ildən başlayıb. O, həmin ildən başlayaraq Azərbaycanda genişlənən xalq hərəkatı və milli azadlıq mübarizəsinə qoşulub.

 

1992-ci ildə fəal siyasi həyatını davam etdirərək Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini seçilib. 2001, 2005 və 2010-cu illərdə 93 saylı Bərdə şəhər seçki dairəsindən II, III və IV çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.

 

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olan Z. Oruc Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 

 

12 avqust 2013-cü ildə müstəqil qaydada öz təşəbbüsü ilə Azərbaycan Respublikası prezidentliyinə namizədliyini irəli sürüb. 

 

11 fevral 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib. Hazırda Milli Məclisin İnsan hüquqları komitəsinin sədridir.

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin də növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb. 

 

Qüdrət Müzəffər oğlu Həsənquliyev 29 yanvar 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Əbrəqunus kəndində anadan olub. 1990-cu illərin əvvəlindən siyasi fəaliyyət başlayıb. 1993-cü ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1998-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü olub. Dörd il sonra isə AXCP ilə yollarını ayırıb. Sonradan təsis etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri seçilib. 

 

Qüdrət Həsənquliyev 2003-cü il Azərbaycan Parlamentinə təkrar seçkilərdə 86 saylı İsmayıllı seçki dairəsindən, 2005-ci ildə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən, 2010-cu il və 2015-ci il seçkilərində 7 saylı Ordubad-Culfa seçki dairəsindən və 2020-ci il seçkilərində isə 36 saylı Xətai dördüncü seçki dairəsindən deputat seçilib.

 

Q.Həsənquliyev dörd il-2003, 2008, 2013 və 2018-ci illərdə keçirilən Azərbaycan Respublikası Prezident seçkilərində iştirak edib.

 

Bundan başqa Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev növbədənkənar Prezident seçkilərində namizəd olacaq.

 

Razi Nurullayev 1 aprel 1971-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olub. 

 

O, ilk olaraq fəaliyyətinə 1994-cü ilin yanvar ayından 1995-ci il noyabr ayına qədər “ÇAĞ” qəzetində müxbir kimi başlayıb. 1995-ci ilin may ayından 1995-ci ilin noyabr ayına qədər Bakı şəhərində yerləşən “Hyatt Regency” otelində VIP qonaqlarla iş üzrə çalışıb.  İki il ərzində “McDermott Marine Construction”da tərcüməçi, anbar və alqı-satqıya nəzarətçi işləyib.

 

“Çıraq 1” neft platformasında Quruda və dənizdə iş, baş mühəndisin köməkçisi və gəmi kapitanının tərcüməçisi olub. 1998-ci ilin yanvar ayından 1998-ci ilin may ayına qədər Rusiyanın Həştərxan şəhərində yerləşən “BUE Caspian Ltd.” şirkətində ingilis, rus, Azərbaycan dilinə gəmi sənədlərinin və layihələrinin tərcüməçisi olub. Xəzər gəmiçiliyi, banklar və gömrük idarələri arasında danışıqların aparılması işini görüb.

 

1999-cu ilin sentyabr ayından 2011-ci ilə qədər Demokratik İslahatlar Uğrunda Cəmiyyətin həmsədri olub.

2001-ci ilin iyun ayından 2002-ci ilin yanvar ayına qədər Belçikanın Brüssel şəhərində yerləşən Beynəlxalq Xəzər Araşdırmaları Mərkəzinin icraçı direktoru olub.

 

2009-cu ilin sentyabr ayının 15-dən 2015-ci ilin fevral ayına qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin xarici məsələlər üzrə müavini olub. 2015-ci ildə AXCP ilə ilə yollarını ayırıb.


2020-ci ilin 28 iyul tarixində keçirilən onlayn qurultayda Razi Nurullayev Milli Cəbhə Partiyasını təsis edib.

 

2005, 2010,2020-ci illərdə Milli Məclis seçkilərində namizəd olub.

 

2018-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülüb. Seçkidə 29 282 səs toplayaraq 0,74 %-lə 8 namizəd arasında 8-ci, sonuncu olub. Hazırda deputat kimi fəaliyyət göstərir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI