“Ümumtəhsil məktəblərində Psixoloji-tibbi-pedaqoji Komissiyanın qərarı ilə 217 nəfər sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb olunub”. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, həmin uşaqların bir qismi ümumi orta təhsil səviyyəsində təhsil alır. “Nazirlər Kabinetinin 29 may 2002-ci il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”nın 5-ci bəndinə əsasən, təhsil müəssisəsinin rəhbərliyi sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidməti təşkil edir. Evdə təhsilə cəlb olunmuş şagirdlərə dərslər tədris planına uyğun olaraq ixtisas müəllimləri tərəfindən tədris olunmalıdır. Həmin müəllimlər dərs bölgüsü aparılarkən məktəb Pedaqoji Şurasının qərarına əsasən müəyyən edilir”.
Təhsil nazirliyinin məlumatında bildirilir ki, müəllimlərin əməkhaqqı hesablanarkən ümumi qaydalarla yanaşı “Sağlamlıq imkanları məhdud olan uşaqların təhsili (xüsusi təhsili) haqqında” Qanuna uyğun olaraq 50% əlavə ödənilir. “Müəllim evə getmədən (dərs demədən) əməkhaqqı alırsa, bu hal saxtakarlıq hesab olunur. Belə hal aşkar edildiyi halda qanunvericiliyə uyğun tədbir görülməlidir”.
Nazirliyin yaydığı məlumatda həmçinin bu gün Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri haqqında da məlumat yer alıb. Bildirilir ki, hazırda Azərbaycanda 55 ali təhsil müəssisəsi var.
“Onlardan 15-i özəl, 11-i xüsusi təyinatlı, 29-u isə dövlət ali təhsil müəssisəsidir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən dövlət təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) 5 il müddətinə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) isə 3 il müddətinə verilir”.
Aytən ƏLİYEVA