"44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığının nəticəsi idi. Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə 44 günə ölkənin ərazi bütövlüyü, 2023-cü ildə 24 saata dövlətimizin suverenliyi tam bərpa olundu. Dövlətimizin başçısı Azərbaycanın işğal altındakı torpaqlarını azad etməklə həm də ata vəsiyyətini yerinə yetirdi".
Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, oktyabrın 15-də Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə Azərbaycanın üçrəngli Dövlət Bayrağının dalğalandırılması tariximizə qızıl hərflərlə düşəcək hadisələrdəndir.
“Azərbaycanın hər bir qarış torpağı bizim üçün əzizdir. Amma siyasi tariximizdə Şuşanın, Xocalının, Xankəndinin mənəvi yükü bir qədər fərqlidir. Şuşa bizim mədəniyyət beşiyimiz, Xocalı qan yaddaşımızdır. Xankəndi isə separatçıların yetişdirildiyi, körükləndiyi bir mərkəz olaraq Azərbaycan üçün son və əsas hədəflərdən idi. Biz ərazi bütövlüyünün təmin edilməsi, separatizmin məhv edilməsi baxımından son və əsas hədəfimizə çatdıq. Xankəndidə Bayraq ucaltmaqla Qələbəmizin təntənəsini qeyd etdik”.
Millət vəkilinin sözlərinə görə, artıq Qarabağda erməni separatizminin kökü kəsilib. Qondarma “Dağlıq Qarabağ” rejiminin buraxılması haqda elə separatçıların başçısı qərar verib. Bu il yanvarın 1-dən həmin qərar qüvvəyə mindi.
Fatma Yıldırım qeyd edib ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin uğurlu nəticəsinin ən parlaq nümunəsi Şuşada, Xocalıda, Xankəndidə Azərbaycanın Dövlət Bayrağının qaldırılması idi. Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş yeganə, dünyada isə çox nadir ölkələrdən biridir.
Millət vəkili deyib ki, artıq erməni separatizmi tarixin zibiliyinə atılıb.
“Bəzən Ermənistanda qondarma rejimi dirçəltmək haqqında revanşistlər fikirlər səsləndirirlər. Lakin onlar “dəmir yumruğ”u unutmamalıdır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hər hansı cəhdə qarşı çox sərt addım atılacaq”.