Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunda ağır yol qəzasının baş verməsi barədə yalan məlumat yayılıb. Polis, FHN və təcili tibbi yardıma müraciət olunub. Lakin hadisə yerinə sözügedən qurumların əməkdaşları gəldikdə heç bir hadisə ilə qarşılanmayıb.
Polisə, FHN-ə və təcili tibbi yardıma müraciət edən şəxs Hacıhüseynli kəndi ərazisində avtomobilin yük maşınına çırpılması barədə məlumat verib. Qəza səbəbindən xəsarət alan şəxslərin olduğunu bildirərək kömək istəyib. Qısa vaxt sonra deyilən əraziyə operativ qruplar cəlb edilib. Lakin ərazidə aparılan müşahidələr və yoxlamalar zamanı hər hansı qəzanın baş verməməsi, daxil olan məlumatın həqiqəti əks etdirməməsi məlum olub.
Dövlət qurumlarına yalan məlumat verən şəxsin kimliyinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
Bəs həmin şəxsi hansı cəza gözləyir?
Modern.az xəbər verir ki, həmin şəxs saxlanıldığı halda İnzibati Xətalar Məcəlləsinin 564-cü, yəni bilə-bilə ixtisaslaşdırılmış xidmətləri çağırma maddəsinə görə cəzalanacaq.
Belə ki, o, 100 manat məbləğində cərimələnəcək.