Modern.az

Bitərəf deputatlar prezidentliyə namizədlərə səsləndi: “Bir az aktiv olun!”

Bitərəf deputatlar prezidentliyə namizədlərə səsləndi: “Bir az aktiv olun!”

23 Sentyabr 2013, 12:38

Ölkədə hakimiyyət uğrunda siyasi mübarizənin sivil forması olan prezident seçkilərinə az bir müddət qalır. Artıq rəsmi seçki kampaniyasının aparılmasına start verilməsindən sonra Azərbaycanda siyasi mühitdə bir canlanma və dinamiklik müşahidə olunur. On nəfərin prezident olmaq uğrundakı hüququn tələb etdiyi çərçivədə mübarizə aparması təbliğat kampaniyasında, o cümlədən debatlarda özünü göstərir. Bəs görəsən bölgələrdə namizədlərin PR kampaniyası üçün necə şərait yaradılıb?
Modern.az obyektivlik naminə heç bir partiyanı təmsil etməyən, bitərəf deputatlara bu sualla müraciət edib.

92 saylı Zərdab-Ucar seçki dairəsinin deputatı Jalə Əliyevanın sözlərinə görə bütün namizədlər üçün onun təmsil etdiyi bölgədə təbliğat aparmağa lazımı şərait yaradılıb.
“Bütün namizədlərə seçki kampaniyası üçün şərait mövcuddur. Görüş keçirmək istəyənlər təyin olunmuş yerlərdə təbliğat apara bilərlər. Bütün yerlərin siyahısı bəllidir. Görüş keçirmək istəyənə heç bir məhdudiyyət yoxdur”-deyən millət vəkili bölgədə səfərdə olarkən bir çox namizədin təbliğat materiallarına rast gəlmədiyini də vurğulayıb. O qeyd edib ki, ancaq  ölkə prezidenti İlham Əliyevin və Ümid Partiyasından prezidentliyə namizəd İqbal Ağazadənin təbliğat kampaniyası əks olunan plakatlara  rast gəlib.
“Bu şəxslərdən başqa digərlərinin müvafiq yerlərdə heç birinin plakatı gözə dəymir. Mən dairə seçki komissiyasından da maraqlandım və mənə bildirdilər ki, digər namizədlər onlara heç bir müraciət etməyib”-deyə J.Əliyeva söyləyib.

83 saylı Ağcabədi- Füzuli dairəsində də real durum təxminən eynidir. Bu barədə adıçəkilən dairədən deputat seçilmiş Aqil Abbas məlumat verib. O qeyd edib ki, dövlət başçısı İlham Əliyev və Milli Dirçəliş Hərəkatı Partiyasının prezidentliyə namizədi Fərəc Quliyevdən başqa təbliğat lövhəsində başqa şəxslərin şəkli yoxdur.
“Yəqin digərlərinin həmin yerdə adamları yoxdur. Kim istəyir gedib seçki kampaniyasını aparsın, heç bir məhdudiyyət qoyulmayıb”-deyə A.Abbas vurğulayıb.

Millət vəkili Əli Məsimli də Şəkidə namizədlərə yaxşı mühit yaradıldığını söyləyib. O bildirib ki, bu barədə köməkçisi onu məlumatlandırır.
“Hansı namizədin təşviqat keçirib-keçirməməsi isə mənim yox, namizədlərin qayğısıdır. Əsas odur ki, təbliğat üçün mühit var”.

Sumqayıtda da namizədlərin seçki kampaniyası üçün normal mühit yaradılıb. Bu haqda suallarımızı cavablandıran millət vəkili, professor Musa Qasımlı bizi bilgiləndirib. “Mənim seçildiyim dairədə təbliğat-təşviqat kampaniyasının aparılması üçün bütün imkanlar yaradılıb. Normal şərait və bərabər imkanlar mövcuddur”-deyə M. Qasımlı məlumat verib.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?