
“Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunacaq şəxs öz proqramı ilə gəlməli, təkliflərini və ideyalarını bildirməlidir. İstərdik ki, yeni baş məşqçi savadlı, təcrübəli və öz işini bilən mütəxəssis olsun. Düşünürəm ki, AFFA düzgün seçim edəcəkdir”.
Modern.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov Azərbaycan milli komandasına yeni baş məşqçisinin gətirilməsi məsələsini şərh edərkən deyib. Nazir bildirib ki, ümumiyyətlə, futbolda vəziyyət dəyişilməlidir.
”Klublarda inkişaf olmalı və onlar öz strategiyalarını yeniləməlidirlər. Milli komandanın öz bazası olmalıdır. Baş məşqçisi kim olur olsun, ona yaxşı futbolçular lazımdır. Nazirin sözlərinə görə, AFFA artıq bu məsələ ilə məşğuldur və akademiya yaradılır”.
Qurban Qurbanovun baş məşqçi vəzifəsinə namizədliyinə gəlincə, A.Rəhimov buna normal yanaşdığını bildirib və deyib ki, o, gənc və təcrübəli mütəxəssisdir.
Qeyd edək ki, son günlər Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə yeni namiəzdlərin adları hallandırılır. Qeyd olunur ki, milli komandamızın alman çalışdırıcısı Berti Foqtsun bu ilin sonunda istefaya göndəriləcəyi gözlənilir. Onun yerinə gətiriləcək mütəxəssislər sırasında türkiyəli məşqçi Yılmaz Vural, hollandiyalı əfasanə Frank Raykaard, “Qarabağ” klubunun hazırkı baş məşqçisi Qurban Qurbanovun adı hallandırılır.
Abbas Qəmli