AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli saxlanılıb. Modern.az-ın Azadlıq qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə sentyabrın 22-i Milli Şuranın keçirdiyi mitinqdən sonra baş verib.
Bildirilib ki, Türkel Kərimli mitinqdən sonra iki dostu ilə birlikdə şəhərə gəzməyə çıxıb. Polis onu və dostlarını saxlayaraq Nəsimi rayon 22-ci polis bölməsinə aparıblar.
T.Kərimli və dostu seçki ilə bağlı plakatları cırmaqda ittiham olunurlar.
Türkel Kərimli və dostları gecəni 22-ci polis bölməsində keçiriblər.
***
Dünən axşam saatlarında saxlanılan AXCP sədrinin oğlu Türkel Kərimli Nəsimi Rayon Məhkəməsinə aparılıb. Bu barədə məlumatl AzNews.az-a AXCP sədrinin müavini Asəf Quliyev məlumat verib. Onun sözlərinə görə, birazdan məhkəmə prosesi başlayacaq.
***
AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə bildirib.
Şöbə rəisi bildirib ki, Türkel Kərimli daha 2 nəfərlə birgə şəhərdə prezidentliyə namizədlərin seçki plakatlarını cırarkən polis əməkdaşları tərəfindən saxlanılıb:
"Sentyabrın 22-də axşam saatlarında paytaxtın Nəsimi rayonunda 3 nəfər şəxs prezidentliyə namizədlərin seçki ilə bağlı plakatlarını cırarkən polis əməkdaşları bunu görüb və onları nizam-intizama riayət etməyə dəvət ediblər. Lakin yüngül dərəcəli sərxoş vəziyyətdə olan bu şəxslər polislərin qanuni tələblərinə qəsdən tabe olmayaraq müqavimət göstərməyə və hay-küy salmağa başlayıblar. Bununla əlaqədar onlar polislər tərəfindən saxlanılıblar. Həmin şəxslər barəsində məsələ İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sənədləşdirilərək barələrində protokol tərtib olunub və baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib."
Şöbə rəisinin sözlərinə görə, bəzi KİV-də yayılan məlumatların əklsinə olaraq, polislər həmin şəxsləri saxlayarkən onların kimliyi və hansı siyasi partiyaya mənsub olduqları barədə məlumatları olmayıb.
***
AXCP sədri Əli Kərimli oğlunun saxlanılmasından danışıb. "Azadlıq" qəzetinə açıqlama verən Əli Kərimli oğlunun saxlanmasına gətirilən əsası gülünc adlandırıb.
Onun sözlərinə görə, oğlu digər namizədlərin plakatlarını cırmaqda ittiham edilir. “Oğlumun polis tərəfindən saxlanmağı xəbəri doğrudur. Dünən mitinqdən sonra saxlanılıb. Bu gün də məhkəməyə aparırlar. Çox gülünc bir iddia edirlər ki, guya yoldaşları ilə birgə namizədlərin plakatlarını cırıblar. Tamamilə absurd bir şeydir. Dünənki mitinqə görə qərara gəliblər ki, mənim oğlumu cəzalandırsınlar. Yəni dolayı yolla məni. Bu mənə qarşı olan təxribatdır”.
Sonda Əli Kərimli məhkəmənin bir azdan verəcəyi qərarı gözlədiklərini bildirib.“AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib”.