Kanada Parlamentinin üzvü Stefan Dion işğal altında olan Azərbaycan torpaqlarına səfər edib. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Dağlıq Qarabağdakı separatçı rejimin “parlament sədri” Aşot Qulyanla görüşən kanadalı parlamentari bir sıra məsələlər haqqında fikir mübadiləsi aparıb. Qondarma “erməni soyqırımı”nın Kanada tərəfindən tanındığını vurğulayan S.Dion bu cür görüşlərin vacibliyindən də söz açıb. O, eyni zamanda Dağlıq Qarabağda olduğundan məmnunluq ifadə edib.
“Mən sizin ölkə və xalq haqqında daha çox şeyi öyrənmək, bu barədə məlumatları dostlarımla paylaşmaq istəyirəm”-deyə Kanada parlamentinin deputatı bildirib.
Azərbaycanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa bu cür qanunsuz səfərlərin qarşısının alınması üçün beynəlxalq aləmdə iş aparmasına baxmayaraq, bir sıra tanınmış əcnəbilər və xarici ölkələrin deputatları hələki ermənilərlə əməkdaşlıqdan imtina etmirlər.
Azərbaycan XİN bir müddət öncə ölkənin işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiklərinə görə «persona non qrata» elan edilmiş şəxslərin siyahısını da açıqlayıb.
Siyahıda ümumilikdə müxtəlif ölkələrdən olan 335 nəfərin adı yer alıb. Azərbaycana gəlişi yasaqlanan bu şəxslər arasında müxtəlif ölkələrdən olan deputat, şair, yazıçı, heykəltəraş və musuqçilər də var.