Modern.az

Bizim Aytəkin...

Bizim Aytəkin...

4 Yanvar 2024, 12:53

Deyirlər yaxşı başlıq yazının yarısıdır. Oxucunu cəlb etmək, yazını oxunaqlı etmək yaxşı başlıqdan keçir. Etiraf edim, yazıma bundan yaxşı başlıq tapa bilmədim, fikrimcə, elə ən yaxşısı da budur. Çünki, Aytəkin tək mənim yox, hamının-çoxsaylı oxucularının, tamaşaçılarının, sevənlərinindir.  Unutdum deyəsən, söhbət tələbə və uzun illər iş yoldaşım olmuş Aytəkin Alxaslıdan-Azərbaycan mediasının say-seçmə jurnalistlərinin birindən  gedir.

 

Aytəkin xanımın 65 yaşı tamam oldu və özümə borc bildim ki, uzun illərin dostu, həmkarı kimi yubiley yaşına nəsə yazım. Adətən qadınlar yaşlarının xatırlanmasından qorxur, gizlətməyə çalışırlar. Aytəkindən savayı. Bu qızda qorxu, hürkü hissi demək olar ki, yoxdur. Olan qalan qorxusunu 5 illik tələbəlik illərində bitirdi. O və hamımız. İmtahan, zaçot qorxusunu hansı tələbə yaşamayıb ki?

 

Aytəkin ANS məktəbinin ilk yetirmələrindən idi və onun püxtələşməsində bu kanalın, burdakı say seçmə jurnalistlərin böyük rolu vardı. Tələbə yoldaşımız Mirşahin Ağayevin dəvəti ilə ANS-də işə başlayan Aytəkin kanal fəaliyyətini dayandırana kimi orda çalışdı, sonralar isə fəaliyyətini digər media qurumlarında davam etdirdi. Əsas budur ki, dayanmadı, qələmini yerə qoymadı, yazıları ilə gündəm olmağı bacardı.

Aytəkin çox şeyi bacardı-65 il alnıaçıq, üzüağ yaşamağı, halallığı ilə nümunə olmağı, cəsurluğu, ən təhlükəli çəkilişlərdən belə imtina etməməsi...Bu siyahını uzatmaq da olar. Aytəkin hər şeydən əvvəl, yaxşı dost olmağı bacardı. Sadə, səmimi, ürəyi təmiz, kövrək, saf rayon uşağını sonralar qazandığı uğurlar, şöhrət belə dəyişmədi. 36 il öncə jurnalistika fakültəsində gördüyüm, tanış olduğum, dost olduğum Aytəkinin xarakterində zaman heç bir iz qoya bilməyib, bir az da təmkinli, bir az da kövrək edib sadəcə.

 

Bu il noyabrın 9-da 1012-nin qızları bir araya gəldik, dedik, güldük, şənləndik, kövrəldik. Madam zamanı qaytarmaq mümkünsüzdür, niyə ondan kamımızı götürməyək? Dedik, güldük, şənləndik və beləcə nikbin bir notlarla da  ayrıldıq. Aytəkinlə tale məni ötən ilin sonunda-dekabrın 26-da Şuşa səfərində  yenidən görüşdürdü. İlahi, bu qız  məni görəndə necə sevindi! (Özüm özümü görmədiyimdən hisslərimi təsvir etmək çətindir mənə...) Şuşa səfərini hər ikimiz üçün maraqlı, mənalı edən o doğma, əziz yerləri birlikdə görməyimiz, səfər təəssüratını elə ordaca isti-isti bölüşməyimiz oldu. Nə qədər şəkil çəkdirdik! Onu deyim ki, şəkil Aytəkinin ən zəif tərəfidir. Bu qız binadan fotoya meyillidir və şəkil həvəskarıdır. Tələbəlik illərimdə ən çox məndə fotosu olan, elə mənimlə fotosu olan da Aytəkin Alxaslıdır.

 

Aytəkin Alxaslı ilə tale bizi təkrarən ANS-də görüşdürdü. (Məni də bu kanala tələbə yoldaşımız Mirşahin dəvət etmişdi). Şimal bölgəsinə Aytəkin, cənub bölgəsinə mən baxırdım. Və demək olar ki, işlədiyimiz illərdə bu bölgələrdə əsl informasiya rəqabətliliyi mühiti formalaşdıra bilmişdik. Yeri gəlmişkən, Aytəkin rəqabətə meyillidir və televiziyada efirə gedən süjetlərimizi dəqiqliklə izləyirdi. Kiminsə ondan bir süjet belə çox çəkməyinə dözümü yox idi, hamıdan çox material işləməyə həvəsli idi. Lap dəqiqi, bu adamın bütün həyatı iş idi!

 

Və nə yaxşı ki, belə idi, belədir və mən onu uzun illər ərzində tanıyan biri kimi deyə bilərəm ki, belə də olacaq. Aytəkin Alxaslının ruhu qələmindədir, yaradıcılıq həvəsindədir. Bu həvəs səni heç vaxt tərk etməsin əziz bacım, tələbə yoldaşım, dəyərli həmkarım! Bu yazımı 1012-nin təbriki kimi qəbul et. Biz səni çox sevirik!

Esmira İsmayılova

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!