Quba Memorial Kompleksin ikinci hissəsi tikiləcək. Bu barədə Modern.az saytına millət vəkili Vahid Əhmədov məlumat verib. O bildirib ki, kompleksin ikinci hissəsinin tikintisinə 2014-cü ildə başlanılacaq.
Deputatın sözlərinə görə, layihədə Quba məzarlığındakı sümüklərin qorunub saxlanılması da nəzərdə tutulub. Məzarlığı qorumaq üçün xüsusi yerin tikilməsi gözlənilir. Xarici qonaqların marağını nəzərə alaraq, həmin ərazidə helikopter meydançasının da tikilməsi planlaşdırılır.
“Quba Memorial Kompleksinin açılışı zamanı kompleksin ikinci hissəsinin tikintisi üçün layihə prezidentə təqdim olundu. Həmin layihə cənab prezident tərəfindən baxıldı və qəbul edildi. Yəqin ki, təsdiq olunandan sonra tikintisinə başlanılacaq. Məzarlığın üstü bağlanacaq. Biz onu saxlayırıq ki, sabah deməsinlər ki, belə bir soyqırımı olmayıb. Cənab prezident də dedi ki, bu belə saxlanılmalıdır ki, inanmayanlar gəlib baxsınlar. Məzarlığın ətrafı sahmana salınacaq. Həmin əraziyə artıq yol da çəkilib”, – deyə Vahid Əhmədov bildirib.
Qeyd edək ki, prezident İlham Əliyev ötən həftə Qubaya səfəri zamanı “Soyqırımı memorial kompleksi”nin açılışını edib. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində meydana gələn Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Qalıqları tapılanların 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanı isə yaşlı kişidir.
Ermənilərin azərbaycanlılarla yanaşı, amansızcasına qətlə yetirdikləri arasında ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri də var.
Gültəkin ƏLƏSGƏR