“Debat, polemika mədəniyyəti heç də bütün siyasətçilərdə, siyasi liderliyə iddilılarda olmur”. Bunu Gün.Az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, parlamentin komitə sədri Hadi Rəcəbli dilə gətirib. Onun dediyinə görə, siyasətçi, lider olmaq istəyən şəxs öncə üslubuna, siyasi leksikonuna, dilinə, danışığına, davranışına fikir verməlidir:
“Təəssüflər olsun ki, siyasətçilərimizin, xüsusilə, radikal, qeyri-konstrukitiv kəsimi təmsil edənlərin böyük əksəriyyətində bu keyfiyyətlər yoxdur. Bunu prezidentliyə namizədlərin son teledebatlarında yaşanan mənzərə də bir daha ortaya qoydu. Müxalifətin radikal cinahını təmsil edənlər çox zaman danışmağa arqumentləri, faktları olmadığından təhqirə, böhtana, aşağılayıcı ifadələrə keçirlər. Arqumentə arqumentlə, fakta faktla cavab verə, fikirlərini, iddialarını heç cür bilmirlər və bu zaman da bütün etiket qaydalarını tapdalayır, əndazəni aşıb keçirlər”.
Millət vəkili deyib ki, bununla siyasətçi, liderliyə iddia etmək olmaq olmaz və mümkün də deyil: “Siyasətçi, liderliyə iddialı şəxs təhqirlə, böhtanla deyil, faktla, sübutla danışmalı, təkzibolunmaz arqumentləri ilə insanları özlərinə inandırmağı bacarmalıdır. Bir sözlə, debat, polemika mədəniyyəti olmayan və ya aşağı olan siyasətçidən nə siyasətçi, nə də lider ola bilər. Nə yazıq ki, mitinqlərdə, kütləvi tədbirlərdə bu müxalifət etikadankənar ifadələri işlətməkdə davam edirlər. Bu, yolverilməzdir və onlar bundan sonra bir də insanların içinə çıxmamalıdırlar”.
Modern.az