Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, eks-spiker Rəsul Quliyev üzvü olduğu Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin ötən gün Bakıda keçirilən görüş-mitinqini tənqid edib.
Modern.az-a açıqlamasında eks-spiker Milli Şuranın keçirdiyi mitinqi ələ salıb.
“Hər halda belə bir mitinqlə Yasamalı rayonun icra başçısı da seçilməz”.
R.Quliyev daha sonra müxalifətin seçkilərdə Rusiya prezidenti Vladimir Putinə bəslədiyi ümidlərin pul olmasından söz açıb.
Eks-spikerin sözlərinə görə, Putinin Bakı səfərindən sonra Azərbaycanda siyasi həyat sükuta qərb olub:
“Milli Şura yarananda müxalifətin bəzi nümayəndələrinin antirust ritorikaları özündən tez çıxan, emosional Putini qərar qəbul etməyə məcbur etdi. Onların bu çıxışları özündənrazı Putini onlara yerlərini göstərməyə sövq elətdirdi.
Putinin Bakıya səfərindən sonra fəal siyasi həyat, sanki, birdəfəlik dondu. Və sanki, müxalifət seçki mübarizəsindən imtina etdi. Xarici siyasət amilinin ölkədaxili proseslərə təsiri bu qədərmi həlledici səciyyə daşıyır?
Əgər Rusiya istəsəydi, Azərbaycana elə bir hədiyyəni Bakıdaca verərdi. Çünki Azərbaycan müxalifəti rusların yaratdığı Gömrük İttifaqı ilə Avropa İttifaqının yaratdığı Gömrük İttifaqı arasında fərqin nədən ibarət olduğunu bilmir və bilmək də istəmir. Heç kim bilmir ki, Azərbaycanın əsas və yeganə eksportu olan neft və qaz Rusiyanın yaratdığı Gömrük İttifaqına daxil deyil. Yəni, Azərbaycanın orada iştirakının heç bir mənası yoxdur. Nəzərə alsaq ki, Azərbaycanda real 7 milyon, Rusiyada isə 140 milyon nəfər yaşayır, fərq 20 dəfə edir. Ancaq intellektualları müqayisə etsək, bu fərq 100 dəfədən çox Rusiyanın xeyrinə olar.
Bizim həm hökumət, həm də müxalifətdə olanlardan fərqli olaraq, onlar superdövlət olmağın yolunun həm siyasi, həm də iqtisadi reformalardan keçdiyini qəbul edirlər.
Putinin gəlməsi ilə müxalifətin süstləşməsi mübahisəli məsələdir. Düşünürəm ki, müxalifət heç süstlükdən çıxa bilməmişdi. Hər bir şəxsin öz mövqeyi ola bilər. Mənim Rusiya ilə əlaqədar qəbul etdiyim və həmişə sadiq qalacağım ancaq bir ideyam var: Azərbaycan ancaq bir halda – Rusiya işğalçılıq siyasəti aparsa, onun əleyhinə getməlidir. Başqa hallarda ən böyük sərhədlərinin olduğu nəhəng bir ölkə ilə ancaq və ancaq yaxın qonşuluq əlaqələri qurmalısan. Heç bir dövlət Rusiya əleyhinə məntiqsiz sayaqlamalara görə səni dəstəkləməz”-deyə R.Quliyev vurğulayıb.
Anar RÜSTƏMOV