Bakı Apellyasiya Məhkəməsində hakım Kəmalə Abiyevanın sədrliyi ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, prezidentliyə namizədliyi irəli sürülmüş Əli Əliyevin Mərkəzi Seçki Komissiyasının (MSK) onun namizədliyinin qeydə alınmasından imtina haqqında qərarının ləğvinə dair iddiasına yenidən baxılıb.
Məhkəmə araşdırmasından nəticəsində Ə.Əliyevin MSK-ya təqdim etdiyi və ali seçki qurumu tərəfindən etibarsız hesab edilmiş seçici imzalarının yoxlanılmaq üçün ekspertizaya göndərilməsi haqqında qərar qəbul edilib.
Xatırladaq ki, Bakı Apellyasiya məhkəməsi Ə.Əliyevin müvafiq iddiasını artıq bir dəfə araşdırıb və sentyabrın 17-də keçirilmiş məhkəmə iclasından sonra MSK-nın məlum qərarını qüvvədə saxlayıb.
Lakin Ali Məhkəmə Ə.Əliyevin bununla bağlı kassasiya şikayətinə baxaraq Bakı Apellyasıya Məhkəməsinin qeyd olunan qərarını ləğv edib və iddiaya yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Bakı Apellyasiya Məhkəməsində Ə.Əliyevin iddiası üzrə bu gün keçirilmiş məhkəmə iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının nümayəndələri, yerli hüquq müdafiəçiləri iştirak ediblər.
Modern.az