Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) prezident seçkilərində öz namizədi ilə iştirak etməsə də, partiya üzvləri səsvermədə sərbəstdirlər. Bunu Modern.az-a açıqlamasında AMİP-in baş katibi Arzuxan Əlizadə bildirib.
Onun sözlərinə görə, AMİP dəstəkləyəcəyi namizədlə bağlı yaxın günlərdə partiya üzvlərinə təklif irəli sürəcək.
“Partiya üzvlərinə heç bir qadağa qoyulmayıb. Baxmayaraq ki, bu seçkilərdə biz öz namizədimizlə iştirak etmirik, amma partiya üzvləri seçimlərində sərbəstdirlər.
Yaxın günlərdə AMİP olaraq bir ümumu məsləhətləşmə edəcəyik. Bu məsləhətləşmələr sonrası partiyanın hansısa namizədə səs verməsi təklif oluna bilər. Yenə son qərar partiya üzvlərinindir. Onlar kimə istəsələr səs verə bilərlər”-deyə AMİP funksioneri deyib.
A.Əlizadə AMİP-in seçkilərdə hansı namizədi dəstəkləyəci barədə mövqeyini açıqlayıb. Bildirib ki, prezidentliyə namizədlər AMİP-in dəstəyini almaq istəyirsə, müraciət etməlidir.
“AMİP-in hansısa namizədi dəstəkləməsi üçün həmin namizəd bizə müraciət etməlidir. İndiyədək namizədlərin heç biri tərəfindən AMİP-ə dəstək olması üçün müraciət olmayıb. Sadəcə olaraq partiya üzvlərinin rəğbət bəslədiyi namizədlər var, onlar da səs verməkdə sərbəstdirlər. Bu onların hüquqlarıdır. Bu mənada bizim heç kəsə qadağamız yoxdur”.
Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov və onun rəhbəri olduğu partiya rəsmi olaraq seçkilərdə iştirak etməyəcəyini bəyan edib.
Anar RÜSTƏMOV