
Son iki gündə yağan yağışlar təkcə paytaxtda deyil, rayonlarda da fəsadlar yaradıb.
Modern.az-a açıqlamasında Gədəbəy rayonun deputatı Sevinc Hüseynovanın köməkçisi Elxan İsmayılov bildirdi ki, bu rayona elə də güclü ziyan dəyməyib. “Yağış ötən gecə yağıb. Amma təsərrüfatlara, meyvə-tərəvəzçiliyə elə də ziyan dəyməyib. Çünki artıq meyvə, tərəvəzin yığımı başa çatıb”.
İsmayıllı rayonunun millət vəkili Novruz Aslanın köməkçisi bildirdi ki, dünəndən başlayan yağış bu gün səhər saatlarında kəsib.
“Yağış dünən axşam saatlarında başlayıb. Ancaq bu gün səhər saatlarında kəsib. İndi günəşli hava var. Amma yağış təsərrüfatlara ciddi ziyan vurmayıb. Dağ kəndlərində təsərrüfatlara ziyan dəysə də, rayonda və rayondan aşağıdakı kəndlərə belə hallar yoxdur”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
Modern.az-a verilən məlumata görə, ümumilikdə, sentyabrın 22-si axşamdan başlayaraq 24-ü səhərədək ölkə ərazisində ən çox düşən yağışın miqdarı Cəfərxanda 82 mm olmaqla aylıq normanın 443 faizini, Qazıməmməddə 72 mm olmaqla aylıq normanın 500 faizini, Bakıda 44 mm olmaqla aylıq normanın 256 faizini, Maştağada 44 mm olmaqla aylıq normanın 196 faizini, İmişli, Beyləqanda 35 mm olmaqla aylıq normanın 177 faizini, Tərtərdə 35 mm olmaqla aylıq normanın 140 faizini təşkil edib.
Gültəkin ƏLƏSGƏR