Latınca "arzuolunmaz şəxs" mənasını verən "persona non grata" ifadəsi dövlətlərarası münasibətlərdə "yerli hökumət tərəfindən ölkəyə girişi və ya qalması qadağan edilən əcnəbilər" üçün istifadə edilir. Ölkənin “Persona non grata” proseduru ona verilən siyasi toxunulmazlıq hüququna görə həbsdən və hər hansı təqibdən qorunan xarici diplomata istənilən ölkənin tətbiq edə biləcəyi ən ciddi tənqid formasıdır.
Xarici İşlər Nazirlikləri tərəfindən verilən “persona non grata” bəyannaməsi diplomatik məmurun siyasi və ya diplomatik toxunulmazlığını aradan qaldırmır, eyni zamanda müvafiq dövlətə araşdırma aparmaq, həbs etmək və təqib etmək hüququ vermir. Bu bəyannamə vasitəsilə suveren ölkə “persona non grata” elan etdiyi diplomatı ölkə hüdudlarından kənara çıxaracağını və ya ölkə hüdudlarına buraxmayacağını bildirir.
Diplomatik toxunulmazlıq missiya üzvlərini qanundan qorusa da, Vyana Konvensiyasının 41 və 42-ci maddələri onları yerləşdikləri ölkənin qanunlarına və qaydalarına riayət etmək üçün məsuliyyət daşıyır. Bu termin həm də narazılığın ifadəsi və casusluqda şübhəli bilinən diplomatları ölkədən çıxarmaq üçün istifadə olunur.
Son zamanlar “persona non grata” ifadəsi Azərbaycan diplomatiyasında da istifadə olunmağa başlayıb.
Belə ki, Azərbaycan son bir ildə iki ölkənin səfirlik əməkdaşlarını “persona non grata” elan edib.
Modern.az xatırladır ki, ötən ilin əvvəllərində İran və Azərbaycan arasında diplomatik gərginliklərdən sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılmışdı. İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.
Eyni zamanda İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona non grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb.
Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub. Daha sonra səfirliyin dörd əməkdaşı-Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin ailə üzvləri Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İrana daxil olublar.
İran tərəfi isə buna cavab olaraq Azərbaycanın Tehrandakı səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun 4 əməkdaşını arzuolunmaz şəxs elan edib.
Daha sonra belə hadisə ötən ilin sonlarına təsadüf edir. Belə ki, Fransa ilə Azərbaycan ilə gərgin diplomatik münasibətlərin fonunda dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirliyin iki əməkdaşının arzuolunmaz şəxs olunması diqqətə çatdırlıb.
Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşı Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov məsələ ilə bağlı bildirib ki, ölkənin sübutları var: “Bizim atdığımız addımda sübut, dəlil və fakt var, onlarda isə bu yoxdur. Azərbaycana cavab tədbiri olaraq, heç bir konkret dəlil olmadan Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa XİN-ə çağırılıb və iki diplomatımızın Fransada "arzuolunmaz şəxs" elan olunması ona bildirilib”.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Azərbaycan tərəfi qeyd olunan həbslərlə bağlı hələ ki rəsmi açıqlama verməyib.
Azərbaycanın Parisdəki səfiri Leyla Abdullayeva casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı Martin Ryanın həbs edildiyini təsdiq edib. O qeyd edib ki, Martin Ryan 2023-cü il dekabrın 4-də həbs edilib. Məhkəmə tərəfindən onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb.
Qeyd edək ki, Azərbaycan əvvəllər də bir çox ölkənin siyasətçisini, ictimai-siyasi xadimlərini. jurnalistlərini "persona non grata" elan edib. Ancaq son illərdə ölkədə yerləşən səfirliklərin diplomatlarına qarşı bu praktikanın artdığı müşahidə edilir.