Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev rəhbəri olduğu partiyanın sədri Sülhəddin Əkbərlə yayılan telefon danışığına aydınlıq gətirib.
Modern.az saytına açıqlama verən Rəsul Quliyev sözügedən səs yazısının montaj olduğunu bildirib:
“22 sentyabr mitinqinin başlamasına demək olarki 1 saat qalmış bir çox insanlarla əlaqə saxlayıb, prosesin necə getdiyi ilə maraqlanmışam. Bu çox təbii bir haldır. Çünki indiki hakimiyyətin qismən olsa belə, azad seçki keçirməyinin açarı mitinqçilərin sayının çox olmasıdır. Bu telefon danışıqlarından müəyyən bir audiomontaj etmək heç bir problemli məsələ deyil. O audioyazıda mənim guya, bəzi adamlara təhqirli sözlər deməyim ağ yalandır. Birincisi, montaj professional tərəfindən edilib. Bu audioyazı insanlara qarşı istənilən cinayəti də quraşdırmalarını sübut edir”-deyə Rəsul Quliyev Modern.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, bu gün Rəsul Quliyevlə ACP sədri Sülhəddin Əkbərin telefon danışığının audiosu yayılıb. Rusiyaya məxsusu e-mail-dən Azərbaycan KİV-lərinə göndərilən həmin səs yazısında Rəsul Quliyev Sülhəddin Əkbərlə Milli Şuranın mitinqi barədə danışır. Audioyazıda R.Quliyev müxalifət liderlərinin ünvanına aşağılayıcı ifadələr işlədib.
Anar RÜSTƏMOV