“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov hakim YAP-ın saytına müsahibə verib. Modern.az həmin müsahibəni ixtisarla təqdim edir.
- Qorxmaz müəllim, 2003-2013-cü illərdə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm hadisələr baş vermişdir. Ölkə iqtisadiyyatında qazanılan uğurlar su təchizatı və kanalizasiya sektoruna da sirayət etmişdir. Son 10 ildə bu sahədə uğurları qısaca şərh edərdiniz.
- 2003-2013-cü illərdə su təchizatı və kanalizasiya sektorunda keçirilən müxtəlif dövlət proqramları çərçivəsində 4280 km uzunluğunda içməli su xətti çəkilmiş, 36 suqəbuledici qurğu, 164 su anbarı, 74 su nasos stansiyası tikilmiş,175 artezian və subartezian quyuları qazılaraq istismara verilmişdir.
Hesabat dövründə tullantı sularının axıdılması sahəsində də mühüm işlər görülmüşdür. 2003-2013-cü illərdə 1490 km uzunluğunda kanalizasiya xətləri çəkilmiş, 3 çirkab sutəmizləyici qurğu tikilmiş, daha 3 qurğu təmir edilmiş, 20 kanalizasiya nasos stansiyası inşa edilmişdir. Bütün bunlar kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşmasına səbəb olmuşdur.
Ümumilikdə 2003-2013-cü illərdə su təchizatı və kanalizasiya sektoruna müxtəlif mənbələr hesabına 2,8 milyard manatdan çox vəsait ayrılmışdır. Bunun 1,8 milyardı dövlət büdcəsinin, 779 milyon manatı Dövlət Neft Fondunun, 196 milyon manatı isə xarici maliyyə qurumlarının payına düşür.
10 il əvvəl Bakı şəhərində 1 milyon 560 min sakin mərkəzləşmiş qaydada içməli su ilə təmin olunurdusa, indi bu rəqəm 2 milyon 366 min nəfər təşkil edir. Bu özünü istehlak olunan suyun həcmində də göstərir. Belə ki, əgər 2003-cü ildə Bakı şəhəri və Abşeron yarımadasına müxtəlif mənbələrdən 564 milyon kubmetr su verilmişdirsə, 2012-cü ildə bu göstərici 23 faiz artaraq 696 milyon kubmetrə yüksəlmişdir. 2011-2013-cü illər ərzində Bakı şəhəri və onun qəsəbələrində həyata keçirilmiş layihələr nəticəsində daimi içməli su alanların sayı 600 min nəfər artmışdır. Ən son məlumatlara görə Bakı şəhəri və onun qəsəbələrində 1 mln 485 min insan sutkada 24 saat fasiləsiz su ilə təchiz olunur.
- Əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı son 10 ildə “Azərsu” ASC tərəfindən bir neçə iri layihə həyata keçirilmişdir. Bu layihələrin tarixi əhəmiyyəti və istehlakçılara faydası barədə nə deyə bilərsiniz?
- Cənab Prezident İlham Əliyev ölkə əhalisinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunmasını, həmçinin kanalizasiya xidmətlərinin yaxşılaşmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur. Dövlət başçısının rəhbərliyi altında bu sahədə işlər genişmiqyaslı xarakter alıb. Həm Bakı şəhəri və Abşeron yarımadasında, həm də regionlarda böyük layihələr icra edilir. Hazırda 38 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Regionlarda reallaşdırılan layihələr rayon mərkəzlərinin yaxınlığında və magistral kəmərlərin keçdiyi ərazilərdə yerləşən 350-dən artıq kəndi də əhatə edəcəkdir.
İri layihələrə gəlincə, ilk növbədə Oğuz-Qəbələ-Bakı su kəməri yada düşür…
Kəmər istismara verildikdən sonra Bakı şəhərində fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi 39 faizdən 63 faizə yüksəlmiş, qrafiklə su verilən ərazilərdə isə fasilə intervalları kifayət qədər azalmışdır. Hazırda bu kəmərlə paytaxta saniyədə 4 kubmetrdən artıq su verilir.
- İçməli su təchizatının yaxşılaşdıqca kanalizasiya xidmətlərindən istifadə də aktuallıq kəsb edir. Ötən dövrdə ölkədə kanalizasiya infrastrukturunun yenidən qurulması və yenilərinin yaradılması istiqamətində hansı işlər görülmüşdür.
- Dövlət başçısı kanalizasiya infrastrukturunun müasir standartlar səviyyəsində qurulması məqsədi ilə ciddi tapşırıqlar vermişdir. 2011-ci ildən bu sahədə başlanan işlər həm paytaxtda, həm də bölgələrdə geniş vüsət almışdır. Bakı şəhərində uzun müddət istismarda olan və yararsız vəziyyətə düşmüş xətlərin bir hissəsi dəyişdirilmiş, yeni kanalizasiya xətləri və kollektorlar çəkilmiş və hazırda bu sahədə işlər davam etdirilir. Burada xüsusilə tunel tipli kanalizasiya kollektorlarının tikintisini qeyd etmək istərdim. Hazırda paytaxtın çirkab suları müxtəlif ərazilərdə qurulmuş nasos stansiyaları tərəfindən idarə olunaraq Hövsan stansiyasına ötürülür və orada təmizlənərək dənizə axıdılır. Paytaxtın gələcəkdə sürətli inkişafını nəzərə alaraq tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlamışıq. Tunel kollektorları paytaxtın şərq-qərb istiqamətlərini əhatə etməklə çirkab suların tam idarə olunmasına imkan verəcək.
- “Azərsu” ASC-nin həyata keçirdiyi layihələrin bir hissəsi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” əsasında reaılllaşdırılır...
- Proqramda Bakı şəhəri və ətraf qəsəbələrdə 190 layihə üzrə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi işlərinin aparılması “Azərsu” ASC-yə həvalə olunmuşdur. 2011-ci ilin ortalarından layihələrin icrasına başlanılmış, ötən müddətdə xeyli işlər görülmüş və hazırda 100-dən çox obyekt üzrə layihələr icra edilir...
Hazırda 30-dan artıq kənd və qəsəbədə tikinti işləri davam etdirilir.
- Bildiyimiz kimi, “Azərsu” ASC tərəfindən Bakı şəhəri və Abşeron yarımadasının 2035-ci ilədək perspektiv inkişafı nəzərə alınmaqla içməli su və tullantı suları, habelə yağış suları infrastrukturlarının yaxşılaşdırılması üzrə Master Plan hazırlanmışdır. Bu sənəd üzrə strateji məqsədlər və perspektiv planlar barədə nə deyə bilərsiniz?
- Bakı şəhəri ətrafında və Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemlərinin 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla müasir standartlara uyğun yenidən qurulması hədəf götürülmüşdür. Bu məsələləri kompleks həll etmək üçün bizim sifarişimizlə bu sahədə böyük təcrübəyə malik Türkiyə şirkətləri Master Plan hazırlamışdır. Sənəd hazırlanarkən şəhərin perspektiv inkişaf planı, ümumi əhali artımı, turizmin inkişafı, sənaye və yol infrastrukturunun genişlənməsi faktorları əsas götürülmüşdür. 2035-ci ilə qədər əhalinin artımı, Abşeron yarımadasında magistral su kəmərləri, su anbarları, kanalizasiya kollektorları, çirkab sutəmizləyici qurğuların məhsuldarlıqları və həcmləri müəyyənləşmişdir. Master Plana uyğun olaraq Abşeron yarımadasında 5900 km su, 7100 km kanalizasiya, 970 km yağış suları xətləri çəkiləcəkdir. Bunlarla yanaşı qarşıdakı illərdə ümumi tutumu 1 milyon 345 min kubmetr olan 80-dən çox su anbarı, ümumi məhsuldarlığı sutkada 1 milyon 375 min kubmetr olan 11 çirkab sutəmizləyici qurğunun tikintisi də nəzərdə tutulur…
Modern.az