“Diasporla İş üzrə Dövlət Komitəsi 2013-cü il oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasında keçirilən seçki və referendumlarda iştirak hüququna dair maarifləndirici tədbirlər həyata keçirir”. Bu sözləri Modern.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm deyib. “Məlum olduğu kimi, Seçki Məcəlləsi dövlət orqanlarına seçkiqabağı təşviqatla məşğul olmağı qadağan edir. Buna görə də Dövlət Komitəsi seçki ilə bağlı təbliğat və təşviqat işləri ilə məşğul ola bilməz. Biz yalnız xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına seçkilərdə necə iştirak edə biləcəklərinə dair məlumat veririk”.
E. Miraləm bildirib ki, xaricdəki Azərbaycan vətəndaşlarının seçki və referendumlarda iştirak hüququna dair məlumatlar “Xaricdə yaşayan azərbaycanlılar üçün yaddaş” kitabında öz əksini tapıb.
Aytən ƏLİYEVA