Modern.az

Rəsmi Paris öz siyasətinə yenidən baxmalıdır

Rəsmi Paris öz siyasətinə yenidən baxmalıdır

11 Yanvar 2024, 17:38

Fransa bu gün təkcə Cənubi Qafqazda deyil, dünyanın bir çox bölgələrində destruktiv siyasət yürüdür və potensialına uyğun gəlməyən iddialarla çıxış edir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında Prezident İlham Əliyevin Azərbaycan televiziyalarına müsahibəsində səsləndirdiyi fikirləri şərh edən Milli Məclisin deputatı Azər Kərimli deyib.

 

Deputat qeyd edib ki, son bir neçə yüz il ərzində mövcudluğunu müstəmləkə altında saxladığı ölkə və ərazilərin amansızcasına istismarı üzərində quran Fransa bu gün öz cinayətkar əməllərinə münasibətdə qarşılaşdığı reallıqlarla barışmaq istəmir:

 

“Bu gün Afrikada və Fransanın “dənizarxası” adlandırdığı ərazilərdə fransız neomüstəmləkəçiliyinə qarşı etirazlar vüsət alıb. Fransa hərbçiləri, xüsusi xidmət və kəşfiyyat orqanlarının nümayəndələri, istismarçı şəbəkənin görünən üzü olan şirkətlər uzun illər boyu taladıqları, əhalisini kölə vəziyyətində saxladıqları ölkələrdən qovulurlar. Artıq heç kim fransız neomüstəmləkəçiliyi ilə barışmaq, Fransa zülmünün altında əzilmək istəmir. Azərbaycan tamamilə haqlı olaraq, müstəmləkəçilərdən və onların zülmündən azad olmaq istəyən xalqlara dəstək verir və ölkəmizin bu addımları cəsarət, qətiyyət nümunəsi olmaqla yanaşı, həm də beynəlxalq hüququn norma və prinsiplərini ifadə edir. BMT Baş Assambleyasının 14 dekabr 1960-cı il tarixli "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında” Bəyannaməsində qeyd olunur ki, “xalqların yad boyunduruğuna və hökmranlığına tabe edilməsi və onların istismarı əsas insan hüquqlarının inkarıdır, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə ziddir və bütün dünyada əməkdaşlığın inkişafına və sülhün bərqərar olmasına mane olur”. Göründüyü kimi, Fransa, sözügedən bəyannamənin qəbul edilməsindən 64 il keçməsinə baxmayaraq, hələ də müstəmləkəçilik siyasətini davam etdirərək, insan hüquq və azadlıqlarını kobud şəkildə pozmaqda davam edir və bununla belə, utanmadan Ermənistandan və etnik erməni qruplarından istifadə etməklə Azərbaycanın suveren hüquqlarına müdaxilə etməyə cəhd göstərir”.

 

Azər Kərimli Fransanın Ermənistanı silahlandırmaqda məqsədinin Cənubi Qafqazda davamlı sülhə nail olunmasına maneə xarakteri daşıdığını, bu addımların da fransız neomüstəmləkəçiliyinin tərkib hissəsi olduğunu bildirib:

 

“Amma Ermənistan və havadarları unutmalı deyillər ki, Azərbaycan xalqının və dövlətinin iradəsini ifadə edən dəmir yumruq yerindədir və ölkəmizə qarşı hər hansı bir təhlükə mənbəyi olarsa, cənab Prezidentin qeyd etdiyi kimi dərhal məhv ediləcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi